"Taksi sürücüləri təlimlərdən keçməli, sertifikat almalıdırlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Taksi sürücüləri təlimlərdən keçməli, sertifikat almalıdırlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Nəqliyyat vasitələri ilə sərnişin daşınmasında ciddi yeniliklərin baş verməsi ərəfəsindəyik". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin yaz sessiyasında - iyul ayında Milli Məclisdə "Avtomobil Nəqliyyatı haqqında qanun"da dəyişiklik oldu. Dəyişikliklərin bir hissəsi 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindi, bir hissəsi də yanvarın 1-dən qüvvəyə minib. Hələlik, onlar tam tətbiq oluna bilmir, texniki işlər var. Dəyişikliklərin mahiyyəti odur ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində yeni icazə sistemi təsis olundu. Həmin icazə sistemi tətbiq olunmalıdır. Yeni icazə sistemində həm də taksi fəaliyyətində ciddi dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklər belədir ki, taksi sürücüləri xüsusi təlim keçməlidirlər. Həmin təlimi keçməklə bağlı sertifikat, sənəd almalıdırlar. Xüsusi təlimin də əsas hədəfləri təhlükəsiz sərnişin daşımadır, sərnişinlərlə etik davranış qaydalarıdır. Yol hərəkəti təhlükəsizliyi və yolda nizam-intizam məsələsidir. Taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən şəxslərə bunlar öyrədilməlidir, daha sonra yoxlanmalıdır. Təlimdən keçən şəxslərə sertifikat verilməlidir. Yalnız sertifikatı olanlar taksi fəaliyyətinə buraxılmalıdırlar. Həmin qanunlar tam icra edilmədiyinə, tam mexanizmi yaradılmadığına görə tətbiq edilə bilmir. Bir neçə min sürücü həmin təlimlərdən keçib, bəziləri təlimlərdən keçmək üçün növbə gözləyirlər. Hər halda ciddi dəyişikliklərə ehtiyac var. Düşünürəm ki, qanunda nəzərdə tutulanlar ciddi surətdə tətbiq olunsa, taksi xidməti sahəsində, təhlükəsizlik məsələsində əhəmiyyətli irəliləyişlər ola bilər".

"Xüsusi təlimdən başqa taksi fəaliyyəti ilə məşğul olanlar üçün buraxılış kartları alınmalıdır. Buraxılış vərəqəsi şirkətlər, taksi işi ilə məşğul olan hüquqi şəxslər və bəzi sahibkarlar üçün olmalıdır. Buraxılış kartı və vərəqəsi yalnız sertifikat almış sürücülərin taksi fəaliyyətinə buraxılmasını nəzərdə tutur. Həyata keçirilməlidir ki, taksi fəaliyyəti sahəsində bəzi problemlər aradan qalxsın" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə