Son illərin yeni dəbi - ELEKTRON SİQARETLƏR - ARAŞDIRMA

Son illərin yeni dəbi - ELEKTRON SİQARETLƏR - ARAŞDIRMA

Dünyanın bəzi ölkələrində elektron siqaretlərlə bağlı yeni təhlükə yaranıb. Son illərin bir dəbi də məhz onlardır – elektron siqaretlər. Guya ki, adi siqaretdən ziyansızdır, siqareti tərkitmək istəyənlərə kömək olur. Sən demə, onun adi siqaretdən heç bir fərqi yoxmuş, az ziyanlı da deyilmiş, əksinə, eyni dərəcədə ziyanlıymış. Bəs, görəsən, elektron siqaretin hansı fəsadları var? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Elektron siqaret nədir?

Elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə yayılır.

Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.

Türk Toraks dərnəyinin araşdırmasına görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var:

  • propilen
  • qlikol
  • qliserin
  • etilen spirti
  • polietilen qlikol (PEG400)
  • diasetil dietilen qlikol
  • amino-tadalafil
  • rimonabant
  • kannabibinoid
  • nitrozaminlər
  • formaldehid
  • asetaldehid ketonu
  • merkuri
  • tetrametilpirazin
  • qurşun
  • nikel
  • xrom
  • nikotin
  • süni qoxular

Bəs elektron siqareti populyarlaşdıran səbəblər hansılardır?

"E-siqaret zərərsiz alternativ kimi təqdim olunur"

Onların təhlükəsiz olduğunu demək üçün əlimizdə kifayət qədər və uzunmüddətli elmi sübutlar yoxdur. Bunun əksinə qısa müddətdə çox mənfi nəticələr olduğuna dair məlumatlar çıxmağa başlayıb. Əlimizdə dəqiq məlumatlar olmasa da, dünyada olduğu kimi, Türkiyədə də gənclər və uşaqlar arasında elektron siqaretdən istifadə artmaqdadır.

"E-siqaretdən siqaret bazarını aktiv saxlamaq üçün istifadə edirlər"

Ekspertlər bildirirlər ki, məqsəd siqaret çəkənlərə daha az zərər vermək deyil, e-siqaretin tərkibindəki nikotin sayəsində asılılığı davam etdirməkdir. Bu siqaretə keçənlərin yenidən adi siqaretə qayıtması halları çox yaygındır. Ona görə də hesab olunur ki, şirkətlər tütün/nikotin asılılığını və dolayısıyla siqaret bazarını aktiv saxlamaq üçün e-siqaretlərdən istifadə edirlər.

Tütün məhsulları ilə mübarizə yollarından biri kimi nəzərdə tutulsa da, sonradan bəlli olan əks təsirlərə görə bəzi ölkələrdə elektron siqaretlər qadağan olunub.

Məsələn, ABŞ-nin Qida və Dərman Təşkilatı (FDA) ötən il meyvə, şəkər, nanə, şirniyyat ətirli bütün elektron siqaretlərin istehsalı və satışının qadağan olunması barədə qərar çıxarıb. Xüsusilə uşaqlar və gənclər arasında xüsusi iyli elektron siqaretlərin geniş yayılması, orqanizmdə yaranan fəsadlardan dolayı xəstəxanalara müraciətlərin çoxalması ABŞ hökumətini bu addımı atmağa vadar edib. Veypinq kiçik bir cihaz vasitəsi ilə icra olunur, tərkibindəki maye isidici elementlərin üzərinə verilir və buxarlanaraq aparatin siqarabənzər hissəsinə yönəlir. Buxarlanan maye tərkibinə görə fərqlənir, lakin əsasən 3 hissədən ibarət olur: propilen qlikol, bitki qliserini, distillə edilmiş su. Bundan əlavə, nikotin, boyaq maddələri və aromatizatorlardan istifadə olunur. Nikotinin faiz nisbəti 0%-dən 3.6%-ə kimi dəyişə bilər. Mayenin tərkibi ilə bağlı standartların olmadığı və keyfiyyət yoxlanması aparılmadığına görə, tərkibinə əlavə toksik maddələr də qatıla bilir.

Elektron siqaretlər Braziliya, Kanada, Danimarka, Türkiyə, Norveç, Avstraliya, Uruqvay, İordaniya, İtaliya, BƏƏ-də qadağan olunub. 2008-ci ildə ÜST tərəfindən elektron siqaretlərin nikotinəvəzedici təsirinin sübut olunmadığı müəyyən edilib və sağlamlığa ziyansız bir üsul kimi reklam olunması qadağan edilib.

2021-ci ildə Rusiyada elektron siqaretin yaratdığı EVALI (E-ciggarete or vaping product associate lung injury, Elektron siqaret və ya vaping məhsulu ağciyər zədələnməsi) xəstəliyinə ilk yoluxma halı qeydə alındı. 2020-ci ilin əvvəlində isə bu xəstəliyə ABŞ-da 2758 nəfər yoluxmuşdu, 64 nəfər isə dünyasını dəyişmişdi.

Elektron siqaret çəkmək haramdır?

Mütəxəssislər elektron siqaretlərin tərkibində spirt törəmələrinin olduğunu bildirirlər. Ona görə də belə maddələrdən istifadə etmək olmaz.

Elektron siqaret yorğunluğa səbəb olur?

Elektron siqaretə başladığınız zaman su sərfiyyatınızı artırmalısınız. Susuzluq maye-elektrolit balansını pozduğu üçün yorğunluğa səbəb olur.

Elektron siqaretlər kökəldir?

Elektron siqaretlər bədəninizin nikotinə olan ehtiyacını ödəmək üçün bəlkə də ən sağlam yollardan biridir. Bədəninizin nikotinə olan ehtiyacını qarşılamadığınız zaman bədəninizdəki endorfin kimi maddələrin səviyyəsi aşağı düşür. Bu, iştahınızın artmasına səbəb olur. Əgər iştahınız varsa, bu sizin kökəlməyinizə səbəb olacaq.

Həkim endokrinoloq Emil Həsənov: "Siqaretlərin tərkibində 20-yə yaxın konsorogen maddə var. Lakin əsas maddə oradakı qətrandır. Bu da ağciyər üçün konsorogen sayılır. Siqaret çəkən şəxslərdə ürək-damar xəstəlikləri riski 2, xərçəng riski isə 20 dəfə artıq olur. Onların sidik kisəsində ağciyər və mədə xərçənginə daha çox rast gəlinir. Siqaretdən istifadə edənlərdə xərçənglə yanaşı, digər ağciyər xəstəlikləri və astma kimi hallara rast gəlinir. Onlarda damarlarda daralma olduğuna görə, insult, infarkt kimi xəstəliklər çox olur. Həmçinin, diabet riski də artır.

Elektron siqaretlərə gəldikdə isə, onların bir neçə növü var: nikotin və nikotinsiz olanlar.

Nikotinli olanlardan siqareti tərgitmək üçün istifadə edirlər. Çünki bundan istifadə zamanı normal siqaretdən daha çox nikotinə məruz qalırlar.

Nikotinsiz növlər isə siqaret çəkən zaman verilən tüstünü similizasiya edir və buna görə tərcih olunur. Onların müxtəlif aromada olanları var. Elektron siqaret normal siqaret qədər zərərli olmasa da, faydalı da deyil. Belə ki, mədə-bağırsaq sisteminə zərər verir, mədə turşuluğu və mədə xorası riskini artırır, ağciyərə onların yağının damcı şəklində düşməsi və orada uzun müddət qalması burada müəyyən xəstəliklər yaradır. Bu daha çıx qıcıqlanma yaradaraq öskürəyə səbəb olur. Bura bronxal asma da aiddir. Elektron siqaretin faydası yoxdur. Tək faydası siqareti tərgitmək üçün keçici metoddur. Həm elektron, həm də adi siqaret qırtlaq xərçəngi riskini artırır. Çünki qıcıqlanma yaradır".

Elektron siqaret xərçəngə səbəb olur

Tədqiqatçılar elektron siqaretin xərçəngə səbəb ola biləcəyi qənaətinə gəliblər. Alimlərin fikrincə, elektron siqaretdən istifadə 10 il ərzində xərçəngin yeni dalğasına səbəb ola bilər.

“Francis Crick” İnstitutunun (FCI) tədqiqatçıları elektron siqaret çəkməyin siqaretdən daha təhlükəsiz olduğunu deyirlər, lakin onlar bu siqaretlərin gələcəkdə uzunmüddətli sağlamlıq riskləri daşıdığını da istisna etmirlər.

Elektron siqaretlər siqaret çəkənlər tərəfindən siqareti tərgitmək üçün geniş istifadə olunur. Britaniyada təxminən 3,6 milyon insan məhz bu cür siqaret çəkir.

FCI-nin klinik tədqiqatçısı və Böyük Britaniya Xərçəng Tədqiqatının baş direktoru, professor Çarlz Svanton elektron siqaretin insanların sağlamlığı üçün bəzi təhlükələr yaratdığını deyir: “Düşünmürəm ki, elektron siqaret çəkmək siqareti buraxmaq üçün tamamilə təhlükəsiz bir seçimdir. Biz bu gün elektron siqaretdən istifadənin 10 ildən sonra ağciyər xərçənginə səbəb olmayacağına əmin deyilik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə