"Körpənin ilk dəfə verilən qidadan imtina etməsi normal haldır" - AYDINLIQ GƏTİRİLDİ

"Körpənin ilk dəfə verilən qidadan imtina etməsi normal haldır" - AYDINLIQ GƏTİRİLDİ

“Uşaqlarda ilkin qidalanmanın ən sağlam forması ana südüdür. Ana südünün ən azı ilk 6 ay verilməsinə davam etdirilməlidir. Altı aydan sonra isə artıq orqanizm inkişaf üçün lazım olan qida elementlərini yalnız süddən ala bilmir. Buna görə də əlavə qidaya keçirilir. Bu bəzi uşaqlarda 4 aydan da başlaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qəbul edilən qida ilk növbədə neytral, yəni tək çeşidli olmalıdır: “Həmçinin iki-üç gün ərzində həmin qidaya allergiyanın olub-olmaması yoxlanılmalıdır və qusma, ishlah olduqda həmin qidadan imtina edilməlidir. Körpəyə verilən qida təmiz və ev şəraitində hazırlanmalıdır. Yeməklər yerli və mövsümi meyvə-tərəvəzlərdən hazırlanmalıdır.

Körpənin ilk dəfə verilən qidadan imtina etməsi normal haldır. Qidaları dadlandırmaq üçün çox yağlı, duzlu və istiotlu bişirmək olmaz. Əgər hər hansı bir dad olacaqsa, bu meyvə-tərəvəzin öz təbii dadı olmalıdır. Yaxşı olar ki, mütləq şəkildə əlavə qatı qidaya keçildikdə qaşıqdan istifadə olunsun. Qatı qidanın sıyıq halına salınaraq, əmziklə verilməsi yolverilməzdir. Çünki uşaq bu cür öyrənir və damaq inkişafı, çeynəmə vərdişləri formalaşmır. Artıq 7 aydan sonra mövsümə uyğun meyvə-tərəvəz püresi, yumurta sarısı, duzsuz pendirdən az miqdarda istifadə etmək olar.

Yeddi, səkkinci aydan sonra isə düyüdən hazırlanan şorba, ət və ət məsulları verilə bilər. Həmçinin paxlalılardan hazırlanmış qidalar da vermək olar. Bir yaşından sonra isə uşaqlara evdə bişirilən qidaların verilməsinə başlanıla bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə