"Tükənmişlik - ağır xroniki stress fonunda inkişaf edən, insanın emosional, zehni və enerji ehtiyatlarının tükənməsidir. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “tükənmişlik” sindromunu rəsmən xəstəlik kimi tanıdı. Araşdırmanın nəticələri göstərir ki, yaş və tükənmişlik arasında heç bir əlaqə yoxdur. Bu sindrom, yeniyetmələrdə və böyüklərdə baş verə bilər”. Bu sözləri SİA-ya danışan psixoloq Nərmin Xudiyeva deyib.
Psixoloq bildirib ki, bir insan həftənin sonuna qədər normal yorğunluq yığıbsa, həftə sonu o, gücünü bərpa edə bilər: “Müvəqqəti olaraq onun resursları tükənə bilər, amma işləmək üçün motivasiya qalır. Tükənmə halında isə insanın öz vəzifələrini yerinə yetirməsi üçün nə motivasiyası, nə də mənəvi və fiziki gücü olmur. Bu vəziyyət həftə sonu və ya uzun bir istirahətdən sonra təəssüf ki, dəyişmir.
Bu xəstəliyin müalicəsi fərqlidir və xəstənin tükənmişliyin hansı mərhələsində olmasından asılıdır. Bu zaman insan ilə nə baş verdiyini və niyə baş verdiyini bilmək vacibdir”.
Son olaraq psixoloq vurğulayıb ki, tükənmişlik müalicə olunmazsa, sonradan depressiya və ya fiziki xəstəlik kimi ciddi xəstəliklərə səbəb ola bilər: “Bu fəsadlardan uzaq olmaq üçün insana daima istirahət lazımdır. Müsbət iş mühitini saxlamaq vacibdir. İş yerində tez-tez qısa fasilələr verin. Kofeinlə zəngin qidaların (qəhvə, kola, şokolad) istehlakı azaldılmalıdır, çünki bu, stressə kömək edən güclü stimullaşdırıcıdır.
Ən önəmlisi isə, bir psixoloq olaraq, bəzən insana imtina etməyi tövsiyə edərdim. Çünki “yaxşı olmaq üçün bunu etməlisən” prinsipi ilə yaşayan insan qaçılmaz olaraq tükənmişlik sindromunun qurbanına çevriləcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB