“Azərbaycan qısa müddət ərzində böyük işlər görüb” - DEPUTAT DANIŞDI

“Azərbaycan qısa müddət ərzində böyük işlər görüb” - DEPUTAT DANIŞDI

“Azərbaycan gücünü işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpa işlərində də göstərdi. Digər dövlətlərdən fərqli olaraq Azərbaycan burada görülən böyük işləri öz imkanları ilə həyata keçirir. Hər hansı beynəlxalq təşkilat və ya dövlət xüsusi olaraq Azərbaycana bu proseslərdə maddi yardım etmir. Qısa bir zamanda çox böyük işlər görülüb. İşimizi çətinləşdirən əsas amil torpaqların minalanması və mina xəritələrinin Ermənistan tərəfindən gec və böyük qüsurlarla verilməsi oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu məsələ həm də böyük vəsait tələb etdi: “Eyni zamanda torpaqlarımız işğaldan azad edildikdən sonra məlum oldu ki, Ermənistan torpaqları viran qoyub, darmadağın edib.
Bütün bunlara baxmayaraq Azərbaycan həmin ərazilərdə qısa müddət ərzində böyük işlər görüb. Həmçinin salınan yaşayış məskənləri ağıllı kənd və şəhər prinsipi əsasında inşa edilir. Artıq 5 yaşayış məntəqəsinə soydaşlarımız geri qayıdıb, həmin ərazilərdə 6 orta məktəb fəaliyyətə başlayıb.

Bu il geri qayıdanların sayı daha çox olacaq. Ümumilikdə isə 2026-cı ilə qədər geri qayıdanların sayı 140 min olacaqdır.

Öz ata-baba yurdlarına dönən insanlar mənzillə yanaşı, iş yerləri ilə də təmin edilirlər. İnsanların böyük əksəriyyəti ya işlə təmin olunub, ya da öz işini qurub. Bütövlükdə görülən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur nümunəvi yaşayış məskəninə çevrilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə