“Səs qəzeti” Azərbaycan mətbuatının veteranlarındandır" - KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Səs qəzeti” Azərbaycan mətbuatının veteranlarındandır" - KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Səs qəzeti” Azərbaycan tarixində xüsusi rol oynayan qəzetlərdən biridir. Azərbaycan mətbuat tarixində Azərbaycanın səsini ilk dəfə dünyaya çatdıran qəzetlərdən biridir. Bu barədə SİA-ya açıqlamasında “Səs qəzeti”nin 33 yaşının tamam olması ilə bağlı danışarkən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, “Səs qəzeti” Azərbaycan mətbuatının veteranlarındandır: “Bu qəzetin xüsusiyyətlərindən biri də odur ki, o vaxt Ulu Öndərin səsini bütün ölkəyə, dünyaya çatdırırdı. O dövrdə həm Naxçıvan, həm də Ulu Öndər blokadaya alınmışdı. Nə Azərbaycan mətbuat orqanlarında, nə də digər orqanlarında heç bir informasiya verilmirdi. Hətta Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar da dərc edilmirdi. O dövrdə “Səs qəzeti” bunların hamısını öz üzərinə götürmüşdü”.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranmasında “Səs qəzeti”nin xüsusi rolu var: “Məhz “91-lər”in müraciəti, Ümummilli Liderin cavabı “Səs qəzeti”ndə çap olunub. Ona görə də “Səs qəzeti”nin çox zəngin və şərəfli bir tarixi var. 33 ildə bu qəzet dövlətin, dövlətçiliyin yanında olub və Prezidentimizin siyasətini təbliğ edib. Hesab edirəm ki, bu zəngin təcrübə onun gələcəkdə inkişafına da xüsusi töhfə verəcək. Mən özümü də “Səs qəzeti”nin kollektivindən ayırmıram, çünki qəzetin yaradıcılarından biri də mənəm. O baxımdan da hamımızı birlikdə təbrik edirəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə