"Səs qəzeti" ağır günlərdə dövlətçilik üçün çalışıb" - KOMİTƏ SƏDRİ DANIŞDI

"Səs qəzeti" ağır günlərdə dövlətçilik üçün çalışıb" - KOMİTƏ SƏDRİ DANIŞDI

“Mən “Səs qəzeti” barədə hər zaman çox böyük məmnuniyyətlə, ürəkdən sevərək danışıram. “Səs qəzeti” 33 il bundan əvvəl yaranıb və bu gün də dövlətçiliyimiz uğrunda mübarizə aparır”. Bu barədə SİA-ya açıqlamasında “Səs qəzeti”nin 33 yaşının tamam olması ilə bağlı danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, “Səs qəzeti” həmişə Ulu Öndərimizin yanında olub, dövlətçiliyimizin prinsiplərini təbliğ edib: “Biraz ekskursiya etmək istəyirəm. 1990-cı illərin əvvəllərində Azərbaycanda olan həqiqətləri işıqlandırmaq hər qəzetin işi deyildi. Amma “Səs qəzeti” bu məsuliyyəti öz üzərinə götürdü və heçnədən çəkinmədən, qorxmadan gedən bütün prosesləri, həqiqətləri birbaşa dərc edirdi və göstərirdi. Yadımdadır, o vaxt Ulu Öndərimiz Naxçıvanda olanda onun haqqında yazıların qəzetlərdə getməsinə imkan verilmirdi. Amma “91”lərin müraciətini bütün cəsarəti ilə məsuliyyəti öz üzərinə götürərək onu dərc etdi. Orada göstərdi ki, xalq Ulu Öndər Heydər Əliyevi gözləyir. Bu qəzet belə çətin günlərdə, Azərbaycan dövlətinin ağır günlərində hər zaman dövlətçilik üçün çalışıb”.

Z.Əsgərov bildirib ki, bu qəzet haqqında danışmaq onun üçün çox böyük şərəfdir, həm də çox məsuliyyətdir. “Səs qəzeti” 33 il ərzində yalnız Azərbaycan dövlətinin və dövlətçiliyinin mənafeyi üçün işləyib: “Digər qəzetlər də var idi, amma “Səs qəzeti” bu sahədə ilk "qaranquş"umuzdur. Mən bu qəzeti bu gün də böyük həvəslə oxuyuram. Necə ki, 33 il bundan əvvəl onun əsası qoyulanda əldən-ələ gəzirdi. Bu qəzet özünün cəsarəti ilə o qədər tanınmışdı ki, insanlar bu qəzeti tapmaqda çətinlik çəkirdilər. Çünki çox oxunaqlı qəzet idi, indi də elədir. Mən “Səs qəzeti”nə başda Baş redaktor Bəhruz Quliyev olmaqla bütün kollektivinə yeni uğurlar arzulayıram. Sükanı belə saxlayın”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə