"Azərbaycanda dindar insanların sayı kifayət qədərdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda dindar insanların sayı kifayət qədərdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda əksər insanlar bəzi istisnalar olmaqla müsəlmandır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, namaz qılanların dəqiq statistikasını bilməsək də, namaz qılma aurasında olan həmvətənimiz kifayət qədərdir: "Nəzərə almaq lazımdır ki, namaza gələn kəsim təbliğatın zəif vaxtında yaşayırdılar. Kifayət qədər geniş auditoriya yoxdur, sosial şəbəkələr o qədər də ciddi qəbul olunmadığı üçün onu təbliğat vasitəsi kimi hesab etmək olmur. Məscidlərə gediş-gəliş cümə namazlarında çox olur. Hətta bir sıra məscidlərdə yer olmur, digər günlərdə, təəssüf ki, ürəkaçan, dini təbliğatçıların arzuladığı kimidir demək olmaz".

"Ümumilikdə nəinki Azərbaycanda, dünyada bəşəriyyətin əksər hissəsini dinlər idarə edir. Əgər dünyada 6-7 milyard əhali varsa, bunun 2 milyardı müsəlman, 2 milyarddan çoxu məsihi, müəyyən hissəsi yəhudidirsə, o deməkdir ki, 4 milyarddan çox insanı dinlər idarə edir. Bir qismini Həzrəti İsa, bir qismini Həzrəti Musa, digər qismini isə Məhəmməd Peyğəmbər idarə edir. Nəticə məqbuldur, amma ürəkaçan demək doğru olmaz. Ona görə ki, dinin əksinə olan təbliğat dünya üzrə və dindarın dini iradəsinin zəifləməsinə xidmət edən təbliğatın fonunda dini təbliğat kifayət qədər deyil. Bütün şou proqramlar daxil olmaqla ateist, deist insanlara tribuna vermək, incəsənət və digər vasitələr vasitəsilə məsxərə obyektinə çevirmək, bunun kimi şeylər fonunda dinin təbliği çox da geniş deyil. Buna rəğmən ziyalı, məntiq anlayan gənclərimiz kütləvi dinə üz tuturlar. Çünki Qurani-Kərimdə bunun səbəbi qeyd olunub. Rum surəsinin 31-ci ayəsində Allah buyurur ki, bu din insan fitrəti üzərində köklənmişdir, insan fitrəti din üzərində köklənmişdir. Yəni din insanın fitri şəkildə anladığı dəyərlərin simvoludur. Əgər gənclər dinə üz tutmasaydı, qəribə görünərdi. Orta və qoca yaşlı insanların bəzilərinin dindən uzaq olanları SSRİ dövründə yaşamış insanlardır. Onlar da dinə ehtiramı qoruyaraq yaşayırlar. Ümumilikdə ölkəmizdə dindar kəsim kifayət qədərdir və məqbuldur"- deyə axund bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə