Əhali qışa hazırdırmı? - SORĞU

Əhali qışa hazırdırmı? - SORĞU

Yeni ilin ilk günləri havalar nisbətən isti keçsə də, artıq yanvar ayında getdikcə soyuyur. Qış fəslinin gəlməsi həm də müəyyən problemləri ortaya çıxarır. Qış aylarında əhali hansı problemlərlə qarşılaşır, hansı tədbirləri görür? SİA olaraq şəhər sakinlərindən "Qışa hazırsınızmı?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Gözəl Qasımova: "Səbail rayonunda yaşayıram. İstilik sistemi, qaz, işıq yaxşıdır, hər şey qaydasındadır. Ən böyük problem, sadəcə, mərkəzdə olan tıxaclardır. Qışa hazıram, geyimim yerindədir. Qış üçün natural qidalardan, süd, ət, məhsulları, meyvələrdən istifadə edirəm. Şükürlər olsun ki, Azərbaycan kimi dövlət heç yerdə yoxdur. Marketlərdə hər şey: meyvə, tərəvəz su qiymətindədir. Bu fəsildə vitamini çox qəbul etmək lazımdır".

Şəhər sakini Raziyə Hüseynova: "Mən qış fəslini sevmirəm, amma şükür hər şey qaydasındadır. İşıq, qaz normal gəlir. Soyuq havalarda immuniteti qaldırmaq üçün meyvə-tərəvəz və sulu yeməklərdən daha çox istifadə edirik".

Şəhər sakini Şahanə Qədirova: "Qışa, demək olar, hazırıq. Fəsil dəyişkənliyi baş verir, havalar soyuyur. Evi qızdıra bilirik, şükür, hər şey yaxşıdır. Qış yeməklərindən ən çox sulu, isti yeməklər bişiririk. Meyvə-tərəvəzdən az olsa da, istifadə edirəm. Hər fəslin öz gözəlliyi var, bütün fəsilləri sevirəm, amma ən çox yaz fəslini sevirəm".

Şəhər sakini Fəridə Baxşıyeva: "Bakı şəhərində yağış və qar yağanda daha çox problem olur, şükür başqa problemlə rastlaşmamışam. Mən özümü qışa hazır hiss edirəm. Daha çox immunitetimi gücləndirmək üçün sağlam qidalardan, meyvə-tərəvəzdən istifadə edirəm. Evdə istilik sistemi də normaldır, qızdıra bilirik".

Şəhər sakini Səidə Zamanova: "Qışa hazıram, evimdə suyum, qazım, işığım qaydasındadır. Bircə su borularımız açıq yerdən keçdiyi üçün dona bilər. Başqa da, evimiz, yurdumuz-hər şeyimiz var. Qışda daha çox ət, yağ, bal, cem, arada süd, kofe, çay, toyuq, ən sevdiyim olan balıq əti istifadə edirəm. Qışda problemim olmur, evdə olmağı xoşlamıram. Canım sağlam olsun, yaşım çoxdur. Küçədə sağlam canla gəzə bilim. Mən qışı yaxşı qarşılayıram".

Şəhər sakini Xədicə Kərimova: "Qışa hazıram. Evdə kominim, qazım yanır, istidir. Hər şey qaydasındadır. Qidalardan balıq əti, ət, toyuq, bal, sağlam qidalardan istifadə edirəm. Qışda ən böyük problem havanın soyuq olmasıdır. Heç bir ev soyuq olmasın istəyirəm".

Şəhər sakini Zaman Hüseynov: "İstilik sistemi qaydasındadır. Mənim 65 yaşım var. Ən çox göyərti məhsulları yeyirəm. İmmuniteti artıran qidalardan çox istifadə edirəm. Qışa hazırlıqsız tutulmamışam indiyə kimi. Hər şey yaxşıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə