"Azpulmat"ın qanun səviyyəsində tənzimlənməsinə ehtiyac var" - EKSPERT BİLDİRDİ
“Azpulmat”da sistem belədir ki, kimsə müraciət edib müəyyən məbləğdə pul əldə edir. Bunun üçün zamin, girov tələb olunmur.Müəyyən müddət ərzində də həmin vəsait geri ödənilməlidir”. Bu barədə SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Onun sözləlrinə görə, bəzən vətəndaşlar bu sistemdə kredit götürmək üçün müraciət edərkən sistem onlardan hansısa qohumlarının, yaxınlarının nömrələrini istəyir: “Həmin insanlar qohumlarının nömrələrini daxil edərək vəsaiti əldə edə bilirlər. Sonra məsələ nə olur? Vətəndaş vəsaiti ödəyə bilmədikdə sistem avtomatik olaraq həmin qohumlara zəng edərək narahat etməyə başlayır. Halbuki həmin vəsait götürüləndə nömrəsi oraya qoyulan insanlara heç bir xəbərdarlıq etmirlər. Problemlə bağlı gecələr də, gündüzlər də zəng edirlər. Mənim özümə 6 ayda bəlkə də 20 dəfə zəng gəlib. Belə baxanda mənim heç yerdə imzam yoxdur, ümumiyyətlə bu pulun alınmasından xəbərsizəm. Sistemdə bu cür çatışmazlıqlar var. Belə bir sistem qurulub. Düzdür kimsə girovsuz, zaminsiz kredit götürür, amma bəzən də onlar qaytarmayanda nömrəsi qeyd olunan şəxsləri narahat etməyə başlayırlar”.
Ekspert qeyd edib ki, risk ehtimalı çox olduğundan burada verilən kreditlər də çox yüksək faizlə verilir: “Burada faiz dərəcələri bank faizlərindən 2 dəfə daha artıqdır. Bəzi insanlar da bu şəkildə vəsait əldə etmək asan olduğu üçün bu yola üz tuturlar. Sonra da gördüyünüz kimi müəyyən problemlər yaranır. Hesab edirəm ki, qanunvericilik səviyyəsində bunun tənzimlənməsinə böyük ehtiyac var. Qeyd etdiyim kimi, bəzən orada qeyd olunan şəxslərin heç bir məlumatı olmur, amma narahat edilirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə