Vaxtımızı düzgün necə idarə edə bilərik? - MÜNASİBƏT BİLDİRİLDİ

Vaxtımızı düzgün necə idarə edə bilərik? - MÜNASİBƏT BİLDİRİLDİ

"Vaxtın düzgün idarə olunması dediyimiz mövzu məktəblilər, tələbələr, abituriyentlər, yetişkinlərdə çox böyük problemlərə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ləman Rzayeva deyib.

Onun sözlərinə görə, psixoloji aspektdən baxdıqda vaxtın düzgün idarə olunmaması ilə stressin artmasına daha çox rast gəlirik: "Vaxt bölgüsünün düzgün qurulması işin keyfiyyəti, iş görənin vaxtının səmərəli istifadəsi, həm işinə, həm istirahətinə, şəxsi problemlərinə ayıra biləcəyi vaxtın düzgün bölünməsi adına vacibdir. Tələbələr, abituriyentlər dərslərinə və istirahətlərinə ayırdıqları vaxtları düzgün bölə bilsələr, dərs məhsuldarlığının aşağı düşməsi, eyni zamanda işçilərin verilən proyekti son tarixə saxlamamaq kimi problemləri olmaz. Əlavə stress faktorundan da uzaq olarlar".

"Vaxtın düzgün bölünməməsi nədən yaranır? Şəxsi, əlavə maraqların, əlavə informasiyaların, həzz faktorunun daha çox olmasından irəli gəlir. Məsələn, əvvəlki illərdə tələbə və şagirdlərin qıcıqlandırıcı amillər - televizor, internet, sosial şəbəkələr az olduğu üçün onların işlərinə verdikləri diqqət daha çox olurdu. Diqqət verildiyi üçün də vaxtında təhvil verilir, həll olunurdu. İndi informasiya çoxaldığı üçün diqqət müxtəlif tərəflərə istiqamətlənir. Bu, həm keyfiyyətə, həm də sağlamlığa zərər verir", - deyə o əlavə edib.

Psixoloqa görə, bunları etsək, vaxtımızı düzgün bölə bilərik: "Şəxsi planın olması, gündəlik rejimin dəqiq olması işə, istirahətə ayrılan vaxtlarda aralıqların olması stressi azaldacaq. İşlərini də görəcək, istirahət də edəcəklər. Bunun üçün vərdiş yaradılmalıdır. Cədvəl qurula, dəftər, qrafik yazıla bilər. Telefonda da vaxt bölgüsü proqramı var ki, bizə xatırlatmalar edir. Tətbiq edərkən əvvəlcə çətinlik çəksək də, davamlı etdikdən sonra vərdiş halına düşəcək və həyat rutinimizə çevriləcəkdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə