"Dövlət tərəfindən qazilər və şəhid ailələri sosial cəhətdən müdafiə olunurlar" - DEPUTAT DANIŞDI
"Şəhid ailələri və qazilərə həm Azərbaycan dövləti, həm də cəmiyyəti tərəfindən böyük diqqət və qayğı göstərilir. Onlar cəmiyyətin ən dəyərli üzvləri kimi qiymətləndirilirlər. Azərbaycanın Türkiyədəki səfirliyində qazilərimizlə görüş də məhz bu siyasətin tərkib hissəsidir. Bu siyasət isə ölkə başçı İlham Əliyevin tapşırığı ilə davam etdirilir. Cənab Prezident hər zaman torpaqlarımızın azad olunması, ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsində ilk növbədə şəhid və qazilərimizə borclu olduğumuzu bildirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, dövlət tərəfindən qazilər və şəhid ailələri birinci sırada sosial cəhətdən müdafiə olunan insanlardır: "Onların sosial təminatı üçün xüsusi proqram mövcuddur və qanunvericilikdə onların imtiyazları müəyyənləşdirilib. Bu qəbildən olan şəxslərə Prezident təqaüdləri, müavinətlər və pensiyalar verilir və bunların məbləği respublika üzrə orta aylıq əməkhaqqı səviyyəsindədir.
Eyni zamanda mənzil şəraitinin yaxşılaşdırılması da daim dövlətin diqqətindədir. Bu qəbildən olan 14 minə yaxın soyadışımıza dövlət tərəfindən hər cür şəraiti olan mənzillər hədiyyə olunub. Onların reabilitasiyası, müalicəsi, sosial-tibbi ehtiyacların ödənilməsi də dövlətin diqqəti daxilindədir. Ehtiyacı olanların xarici dövlətlərdə müalicəsi də Azərbaycan dövləti tərəfindən təmin olunur. Burada əsas məsələ dövlət başçısının tövsiyyələri və cəmiyyətin onlara diqqəti ilə bağlıdır. Bu insanlar cəmiyyətdə hörmət sahibidirlər və bütün mühüm tədbirlərə də hər zaman dəvət olunur, iştirakları təmin edilir. Bu siyasət bundan sonra da hər zaman davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB