Bu gün günorta saatlarında Əmədar artist Aygün Bəylərin vida və dəfn mərasimi keçirildi. Vida mərasimində sənətkarın ailəsi və sənət dostları iştirak etdilər. Aygün Bəylər sənətkarların xatirəsində necə qaldı? Onu necə yad etdilər? SİA olaraq sənət adamlarının xatirələrini bölüşdük.

Mənsum İbrahimov: "Bizim musiqi ictimaiyyətimizə cox ağır itki üz verib. Biz dəyərli, unikal sənətkarımızı cavan yaşında itirdik. Görəcəyi işlər muğamlarında, xalq, bəstəkar mahnılarında hələ çox idi. Amansız xəstəlik imkan vermədi. Oxuduğu gözəl musiqilər həmişə onu xalqın qəlbində əbədi yaşadacaq. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun".
Rəşad İlyasov: "Konsertdə son gücünü yığdı, var gücü ilə ifa etdi. Haqqını verərək ifa etdi. Ən çətin mahnılar, kompozisiyaları oxudu. Sevil Əliyevanın ana mahnısını özünəməxsus, çox orijinal oxumuşdu. Onun sənəti göz qabağındadır. Onu bir instrumentalist kimi də sevmişik. Bir dəfə fransız mahnısı oxudu, Aygün xanımda fitri istedadın olduğunun bir daha şahidi olduq. "Yenə o bağ olaydı" verilişi var idi, "Elza İbrahimova gecəsi"ndə toplaşmışdıq. Orada məni fortepianoda müşayiət elədi, bir-birimizə xoş sözlər söylədik. Əsl musiqi adamı idi. Allah övladına can sağlığı versin. Sənət adamları heç vaxt ölmür. O, bu qədər zəngin irs qoyub getdi. Aygün Bəylərlə son görüşümüz dövlət konsertində Lalə Məmmədova ilə duet oxuyarkən idi. Ali baş komandan İlham Əliyevə və Mehriban Əliyeva da konsertdə iştirak edirdilər. O, "Ağ xalatlı həkimlər" mahnısını oxudu. Sonda ümumi xatirə şəkli çəkdirdik".

Çingiz Mustafayev: "Azərbaycan incəsənətinin ən nadir tapıntılarından getdi. Hərtərəfli sənətkar idi. İstər muğam janrı, istər xalq musiqisi, türk, xarici, estrada olsun, hərtərəfli idi. Bizim də efirdə xatirələrimiz, duetlərimiz çox olub. Yaşı az idi, amma 70-80 yaşlarındakı musiqini çatdırırdı. Bütün incəsənət aləminin başı sağ olsun. Ruhu şad olsun ".

Aqil Məlikov: "Azərbaycan musiqi sənətinə böyük itki üz verib. Bütün varlığı musiqi, şeiriyyat olan, öz muğamları, mahnıları ilə ürəkləri fəth edən sənətkar getdi aramızdan. Öz yaradıcılığının çiçəklənən dövründə getdi. Hamımızda dərin məyusluq hissi əmələ gəlib. Allah ona rəhmət eləsin, ruhunu şad etsin. Bu sənətkarları xalq yetirir. Dahiləri, sənətkarları yetirən xalq yenə də ərsəyə gətirəcək. Amma Aygün Bəylərin tutduğu zirvəni heç kim fəth edə bilməz. O, çalışqanlığı, sənət şücaəti ilə tutdu zirvəni. Onun gözəl konserti oldu, orada gördüm ki, onda nə qədər sənətə eşq var. Allah ruhunu şad etsin. Onun qoyduğu yol cavan müğənnilər üçün məktəb, öyrənmək üçün özəl mənbə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB