Yeniyetməlik dövründə şəxsi gigiyena və hormonal dəyişim - ARAŞDIRMA
Yeniyetməlik dövrünə qədəm qoyan gənclərdə şəxsi gigiyena düzgün istiqamətləndirilməsə, bu, onların həm bədəni, həm də özünə inamında qalıcı izlər buraxa bilər. Mütəxəssislər də bu barədə yeniyetmələrə xəbərdarlıq edir ki, üzünüzü hər gün təmizləyin, saç düzləşdirici və saç üçün geldən vərdiş olaraq istifadə etməyin.

SİA mövzu ilə bağlı araşdırma aparıb.
2000-ci illərin əvvəllərindən qadınların inkişafında yeni və narahatedici tendensiya tədqiqatçıların diqqətini cəlb etmişdi. Qızlar böyüyən sinə, cinsiyyət orqanlarını əhatə edən tüklər və menstruasiya ilə daha erkən yaşlarda yetkinlik yaşına daxil olurlar. Bəs bu tendensiyanın səbəbi nədir? Bəzi tədqiqatçılar bunun hormonların quruluşunu pozan kimyəvi maddələrlə əlaqədar olduğundan şübhələnirlər. Amma bu kimyəvi maddələr təkcə çirklənmiş sudan və ya zərərli mühitlərdən gəlmir, demək olar ki, hər gün istifadə etdiyimiz şampunlarda, makiyajda və əksər şəxsi qulluq məhsullarında da olur.
“Human Reproduction” jurnalında 3 dekabr 2018-ci ildə dərc edilən araşdırma, fərdi qulluq məhsullarında olan kimyəvi maddələrin yeniyetməlik dövrünün başlanğıcını sürətləndirə biləcəyi ehtimalını dəstəkləyir. Bu araşdırmada ictimai səhiyyə tədqiqatçıları 13 il ərzində bir qrup hamilə qadının və onların uşaqlarının sidikdə üç qrup kimyəvi maddənin konsentrasiyasını vaxtaşırı ölçdülər. Erkən yetkinliyin fiziki və ruhi sağlamlığa təsirini vurğulayan araşdırmanın nəticələri, qız uşağının erkən yetkinliyə girib-girməyəcəyini təyin edən faktorların uşağın doğulmasından əvvəl də dəyişə biləcəyinə diqqət çəkir. Başqa sözlə, hamilə qadının məruz qaldığı kimyəvi maddələr bu vəziyyətdə rol oynaya bilər.
Berklidəki Kaliforniya Universitetində ictimai sağlamlıq tədqiqatçısı olaraq çalışan və araşdırma aparan Kim Harley mövzu ilə bağlı bunları deyir: “Tədqiqatçılar uşaqlıq yolunun təsirinə məruz qalan kimyəvi maddələrin körpə doğulduqdan bir neçə il sonra da uşağın cinsi yetkinliyə daxil olmasına təsir göstərə biləcəyindən şübhələnirdilər. Bundan əlavə, bir çox qadınların bədənlərində ölçülə bilən miqdarda bu kimyəvi maddələr olduğundan, sual bir insanın kimyəvi maddələrə məruz qalıb-qalmaması deyil, nə qədər olmasıdır”.
Tədqiqatçılar vərdiş halında, bədənin hormonal quruluşuna müdaxilə etdiyi iddia edilən üç növ hormonu pozan kimyəvi maddələrə diqqət yetirdilər. Bu qrupa esensiyada olan ftalatlar, kosmetikada konservant kimi istifadə olunan parabenlər və tədqiqat prosesində istifadə edilən antibakterial sabunlar da daxildir.
Los-Ancelesdəki Kaliforniya Universitetinin epidemioloqu Karin Michels sözügedən kimyəvi maddələrin cinsi yetkinliyi sürətləndirdiyini təsbit etdi: "Təkcə bu amillər böyük bir dəyişiklik yaratmaya bilər, lakin hormonları pozan bir çox kimyəvi maddələrin təsiri bir anda böyük bir dəyişikliyə səbəb olur".

Harlinin mövzu ilə bağlı fikirləri belədir: “Hətta yeniyetməlik dövründə kiçik bir dəyişim belə xərçəngə tutulma riskini artırır və bu fərq həm döş xərçəngi, həm də yumurtalıq xərçənginin ilkin mərhələlərində risk faktoru hesab olunur. Bununla belə, əldə etdiyimiz tapıntıların təsadüfi deyil, real olduğuna və müxtəlif populyasiyalara aid olduğuna əmin olmaq üçün daha çox araşdırma aparmalıyıq".
Michels, öz araşdırmasına əsaslanaraq, aşağı gəlirli insanların hormonları pozan kimyəvi maddələrə daha çox məruz qaldıqlarını və piylənmə ehtimalının daha yüksək olduğunu söylədi. Harley də bu təsirin doğruluğunu təsdiqləyərək, araşdırmasında hamilə qadınların və uşaqların yarıdan çoxunun artıq çəkili fərdlər olduğunu bildirdi.
Bir çox valideynlər övladlarının fiziki və hormonal dəyişikliklərlə üzləşdiyini bilir və onların kosmetik məhsullardan istifadə etmələrini bəyənmir. Belə ki, valideynlər övladlarının şəxsi gigiyenası üçün təbii üsullara daha çox üstünlük verirlər.
Tədqiqatın nəticələrinə görə, hamiləlik dövründə sidiklərində yüksək konsentrasiyada ftalat törəmələri olan qadınların qızları, sidiklərində az miqdarda ftalat olanların qızlarına nisbətən vaginal tüklənmə prosesinə daha tez başlayıblar. Eynilə, hamiləlik dövründə sidikdə yüksək konsentrasiyalı fenol olan qadınların qızları daha erkən menstruasiya görməyə başladılar. Tədqiqatçılar sınaqdan keçirilmiş bu qadınların doqquz yaşlı qızlarına baxdıqda, sidiklərində yüksək miqdarda paraben olan qızların sidiklərində bu kimyəvi maddənin daha az konsentrasiyası olan qızlara nisbətən üç yetkinlik əlamətinin daha erkən olduğunu gördülər.
Tədqiqatçıların tapıntılarını belə ümumiləşdirə bilərik: Sözügedən kimyəvi maddələrə nə qədər çox məruz qalırlarsa, uşaqlar bir o qədər erkən yeniyetməlik dövrünə qədəm qoyurlar. Məsələn, ananın ftalat səviyyəsi hər dəfə iki dəfə artdıqda, genital tüklərin böyüməsi 1,3 aya qədər irəliləyir.
Türk dermotoloq Armağan Kutlay yeniyetməlik dövründə gənclərə şəxsi gigiyena ilə bağlı tövsiyələr verib:

Üzünüzü hər gün təmizləyin
Artan yağ istehsalı və ölü dəri qalıqları dəri məsamələrinin tıxanmasına, sızanaqların əmələ gəlməsinə səbəb olan əsas faktorlardır. Dərini artıq yağ və kirdən təmizləmək üçün səhər və axşam iki dəfə, dəri quruluşuna uyğun təmizləyici ilə üzün yuyulması sızanaqların əmələ gəlməsinin qarşısının alınmasında ən mühüm addımdır.
Sızanaqları sıxmayın
Üzə çox toxunmamalı, sızanaqları heç vaxt sıxmamalı, məsamələri bağlayan məhsullardan istifadə etməməlisiniz.
Depilyasiya kremləri ilə diqqətli olun
Yeniyetməlik dövründə oğlan və qızlarda müxtəlif nahiyələrdə tük artımı baş verir. İstənməyən tükləri azaltmaq üçün istifadə edilən hər üsul hər dəri tipi üçün uyğun olmaya bilər.
Tərləməyə qarşı
Geyim seçimi tər qoxusunun azaldılmasında mühüm rol oynayır. Pambıqdan və ya digər təbii liflərdən hazırlanmış nəfəs ala bilən paltar geyinmək tərin buxarlanmasını asanlaşdırır. Sintetik parçalar pis qoxuya səbəb ola biləcəyi üçün belə geyimlərdən qaçınmaq lazımdır.
Dezodorantla diqqətli olun
Tərləmə əleyhinə dezodorantlarda olan alüminium duzlarının kanserogen olub-olmaması müzakirə mövzusudur. Tərkibində maqnezium duzları olan dezodorantlar alternativ ola bilər.
Saç düzləşdirici və geldən tez-tez istifadə etməyin
Yeniyetməlik dövründə baş dərisində artan yağlanma və tərləmə səbəbiylə saç baxımına ehtiyac artarkən, qışda iki-üç gündə bir duş qəbul etmək kifayətdir. Lakin yayda hər gün duş qəbul etmək lazımdır. Saç spreyi və gel kimi maddələr çox tez-tez istifadə edilməməli və saçda uzun müddət qalmamalıdır.
Bu qidalardan uzaq durun
Balanslı və sağlam bəslənmənin dəri sağlamlığında son dərəcə təsirli olduğunu ifadə edən Dermatologiya mütəxəssisi Armağan Kutlay deyir: “Tərəvəz, meyvə, zülal və tam taxıl ehtiva edən bir pəhriz və bol su istehlak edilməlidir. Yüksək glisemik indeksli qidalar, xüsusilə də yüksək şəkər istehlakı, dəridə yağlanma və sızanaqların artmasına səbəb olacağı üçün nəzarətli şəkildə istehlak edilməlidir. Acılı qidaların həddindən artıq istehlakı pis qoxuya səbəb ola bilər. Həm ümumi sağlamlıq, həm də dəri sağlamlığı üçün siqaret və spirtli içkilərdən mütləq çəkinmək lazımdır”.

Günəşə çıxarkən bu qaydalara diqqət yetirin
Nəzarətsiz günəşə məruz qalmaq yalnız gün yanığı deyil, həm də ləkələrə səbəb olur. Xüsusilə sızanaq izləri və həşərat dişləməsi izləri günəşə məruz qaldıqdan sonra qaralmış və ləkələnə bilər. Kutlay bildirir ki, yayda günəşin zərərli ultrabənövşəyi şüalarına məruz qalmamaq üçün günəş şüalarının ən sıx olduğu saat 11:00-16:00 arasında mümkün qədər çölə çıxmamalıdır. Çölə çıxsanız belə kölgədə olmağa diqqət edin, papaq taxın və minimum SPF 30 olan günəşdən qoruyucu krem çəkin.
Yeniyetməlik dövründə dəri niyə həddindən artıq reaksiya verir?
Ümumiyyətlə, hormonal dəyişikliklər ətrafında meydana gələn arzuolunmaz dəri formalarının birdən çox səbəbi var. Bu səbəblər arasında həddindən artıq stresli həyat, dərinin qeyri-kafi təmizliyi və balanssız qidalanma kimi önə çıxan faktorlar olsa da, dəridə artan yağ ifrazı da estetik narahatlıq və dəri həssaslığına səbəb olan vəziyyətlər yaradır.

Yeniyetməlik dövründə dəriyə qulluq məsləhətləri
Yeniyetməlikdə hormonlar səbəbiylə bədəndə sürətli dəyişiklik gedir. Hormonal dəyişikliklərin dəri və saçlara, eləcə də rəftar və davranışlara təsiri dəri baxımının əhəmiyyətinin daha da artmasına səbəb olur.
Dəriyə qulluq onu təmizləmə ilə başlayır
Yeniyetməlik dövründə arzuolunmaz dəri əmələ gəlməsinə qarşı ilk tövsiyəm dərini həmişə təmiz saxlamaqdır. Dərinizə uyğun təmizləyici vasitələrlə hər gün səhər və axşam dərinizi təmizləməkdən əlavə, həftədə iki dəfə, xüsusilə də gil maskalarla təmizləmə addımınızı gücləndirə bilərsiniz. Bu şəkildə məsamələrini mümkün qədər nəfəs almasına kömək etmiş olursunuz.
Dərinizin nəm balansını qoruyun
Yeniyetməlik dövründə dəriyə qulluq üçün tövsiyə edilən ən əhəmiyyətli təcrübələrdən biri dərini nəmləndirmədir. Dərinizin növündən asılı olmayaraq hər bir dərinin öz xüsusiyyətlərinə uyğun nəmləndiricilərlə dəstəyə ehtiyacı var.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB