Uşaqlarda ekoloji şüuru necə formalaşdıra bilərik? - MÜNASİBƏT BİLDİRİLDİ

Uşaqlarda ekoloji şüuru necə formalaşdıra bilərik? - MÜNASİBƏT BİLDİRİLDİ

Uşaqları ekoloji mədəniyyətlə necə böyüdə bilərik? Küçədə hər yaşda insan yerə zibil atır, ictimai yerləri çirkləndirir, skamyaları, divarları yazır. Suallarımıza psixoloq cavab verdi. "Uşaqların mədəni böyüməsi üçün birinci valideynlər örnək olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O, davam edərək deyib: "Təəssüf ki, bununla bağlı bizdə problem var. Uşağa başqa şey deyib başqa hərəkət göstəririk. Uşağın gözü önündə valideynlər zibili yerə atır, yolda çox müşahidə etdiyimiz misal olaraq maşının pəncərəsindən zibil, siqaret tullayırlar. Biz ictimai yer deyirik, amma uşaq görməlidir ki, başqaları görməyəndə də valideyn necə hərəkət edir. Məsələn, "başqaları görmür, zibili ataq", "insanlar məni görməyəcək, nəyisə sındırım" kimi hərəkətlər yanlış nümunələrdir. Çox vaxt bunlara diqqət etmirik. Birinci, valideynin özünün örnək olması, ikincisi isə ümumi qaydaları, ictimai məkanlarda özümüzü necə aparmağı, şəxsi gigiyenamızı qorumağı öyrətməliyik. Sözlə deyil, kitablar, filmlər, hekayələr vasitəsilə çatdırılmalıyıq. Uşaq bunun sadəcə qayda olduğunu bilməməlidir. Riayət edərəmsə, cəmiyyətə, özümə nə qədər fayda verə biləcəyini görməlidir".

Psixoloq bidirib ki, kiçik yaşlı uşaqlar üçün son dövrlərdə bu barədə hekayə şəklində kitablar, sosial şəbəkələrdə qısa videoçarxlar var: "Bəzən də valideynlər uşaqlarının çox mədəni hərəkətlərinə zarafat etməyə başlayırlar. Bunu qəti etmək olmaz. Çünki biz təkcə insan deyil, cəmiyyət və özü üçün yararlı, həyatda qala biləcək, ölkəmizi haradasa təmsil edəcək vətəndaş yetişdiririk. Burada müəllimlərin xüsusi rolu var. Bağçada, məktəbdə valideynlərlə müəllimlərin qarşılıqlı əlaqəsi olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə