Çoxmilyonlu ölkəmizdə baş verən hadisələri çeşidləsək, bunu təbii və insan faktoru ilə bağlı olmaqla iki hissəyə bölə bilərik. Təbii hadisələrdən kimsə sığortalanmayıb, bunu başa düşdük, bəs kimlərinsə səhlənkarlığı ucbatından baş verən hadisələri kimin günahına yazaq? Belə hadisələrdən biri 7 yanvar 2024-cü il tarixində, saat təxminən 14 radələrində Əhmədli qəsəbəsində yaşanıb.
Əhmədov Turxan Rauf oğlu Əhmədli qəsəbəsinin General Şıxlınski küçəsi 52 saylı binada yaşayan atasısıgilə qonaq gəlib. 17 AC 413 dövlət nömrə nişanlı Şevrolet markalı avtomobilini binanın qabağında saxlayıb və mənzilə daxil olan anda həyətdən gürültülü səs eşidib. Dərhal küçəyə çıxıb və gördüyü mənzərədən dəhşətə gəlib. “Akkord” şirkətinin vaxtilə tikintisini apardığı və sonradan hansı səbəbdənsə yarımçıq qoyduğu yarımtikilidən iri bir dəmir lövhə qoparaq maşının üzərinə düşüb.
İndi bina sakinlərini bir məsələ düşündürür, Turxan Əhmədovun maşınının yerində sakinlərdən kimsə də ola və iki metr enində olan dəmir lövhə onu öldürə bilərdi. Bu məqamda “Akkord” da daxil olmaqla aidiyyəti qurumlara bir sualımız var, yarımtikili ilə bağlı təhlükəsizlik tədbirləri hansı qurum tərəfindən təmin edilməlidir və bu günə kimi bu barədə niyə ölçü götürülməyib? Tikintini aparan şirkət sahibləri də bilməmiş deyillər ki, Bakı küləkli şəhərdir və hər an külək binadan nə isə qopara bilər. Hədəfində kimin olmasının isə o qədər də fərqi yoxdur, əsas məsələ baş verən və verəcək fəlakəti önləməkdir.
Maşın sahibi Turxan Əhmədovu isə bir məsələ daha çox narahat edir, ona dəymiş ziyanı kim ödəyəcək? Qeyd edək ki, “Akkord” şirkətinin inşa etdiyi bu bina 10 ilə yaxındır ki, yarımçıq qalıb. Kimlərinsə səhlənkarlığı üzündən bina artıq ətrafda yaşayan sakinlər üçün kabusa çevrilib.
Mövzu ilə bağlı qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Məmmədhəsən MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB