Çətin iş rejimində çalışanlar bayram günlərini səbirsizliklə gözləyir. İstirahət edib dincəldikdən sonra işə başlamaq bəzilərinə görə asan, bəzilərinə görə də çətin olur. Hamı üçün yenidən çətin iş rejiminə adaptasiya olmaq asan proses olmur. Vətəndaşlar Yeni il tətilindən sonra işə necə adaptasiya oldular? SİA olaraq şəhər sakinləri arasında bu mövzuda sorğu keçirdik.

Şəhər sakini Manafov Elmar: "Reklam şirkətində işləyirəm. Mənim üçün tətil çox olmadı. Ayın 31-i, 1-i və 2-si bayram oldu. Yanvarın 2-dən sonra işə başladım. İşə çox rahat uygunlaşdım, sanki heç tətil olmamışdı. Sevdiyin iş olanda daha tez uyğunlaşırsan. Yay tətilindən sonra işə daha tez uygunlaşmaq olur. Çünki uzun istirahətdən sonra işə çıxmaq asandır".
Şəhər sakini İlhamə Rəhimova: "İşə çox gözəl uyğunlaşdım. Kim ki işini sevir, bayrama, iş gününə baxmır, hər vaxt işləməyi sevir. Mən bu gün gözəl əhval-ruhiyyə ilə işə çıxmışam. Yeni ildən sonra işə başlamaq daha rahatdır. Yay tətilindən sonra başqa təəssürat olur. Mən müəlliməyəm, bizim tətilimiz çoxdur. Uzun müddətdən sonra işə başlamaq bir az çətin olur".

Şəhər sakini Cəmalə Soltanova: "Bu gün bazar günüdür. Bayramdan sonra ilk iş günü kimi əlavə olunub. Bu, düzgün deyil. Uşaqlar da biz də birinci günə öyrəşmişik. İşə uyğunlaşa bilmirəm. Burada işi sevməyin də üstünlüyü böyükdür. Bu gün iş günüdür, hal-hazırda işə gedirəm".
Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi Yusif Yusifov: "Bayram vaxtı iş üçün darıxırıq, iş vacibdir. İnsan Novruz bayramından sonra daha tez işə adaptasiya olur. Əlbəttə, işini sevməyin uyğunlaşmaqda böyük rolu var. Pedaqoji sahədə çalışanlar bunu daha yaxşı dərk edirlər. Tələbələrlə ünsiyyətdə oluruq. İş insanı ruhlandırır. Adam işləməyəndə darıxır".

Şəhər sakini Mahir Kərimov: "Bayramdan sonra işə uyğunlaşmağım normal oldu. İşi sevməyin də önəmi var. Novruz bayramından sonra işə daha tez uyğunlaşırsan. Çünki torpağın oyanışı, ağacların canlanması, təbiətin gözəlləşməsi baş verir, bir iqlimdən fərqli iqlimə keçirik sanki. Yeni il sadəcə il təqvimidir, bayramla əlaqəsi yoxdur".
Şəhər sakini Gözəl Abbasova: "Adaptasiya prosesim çətin olmadı. İngilis dili müəlliməsiyəm, saatla işləyirəm, öz cədvəlimi özüm qururam. İstirahət günləri də dərslərim oldu. Çox da çətinlik çəkmədim. Adaptasiya olmaqda işi sevməyin önəmi yoxdur, burada iş-həyat balansı olmalıdır. Əgər iş-həyat balansı düzgün qurulubsa, adaptasiya dövrü çox da çətin keçmir. Deyə bilmərəm hansı tətildən sonra çətindir uyğunlaşmaq, çünki bütün bayramlarda çalışıram. Məncə, ən çətini yay tətilindən sonradır. Yay isti keçir deyə, ondan sonra yenə tətilə ehtiyacım olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB