“Hazırda məhsulun keyfiyyət məsələsi arxa planda qalır” - QURUM RƏSMİSİ DANIŞDI

“Hazırda məhsulun keyfiyyət məsələsi arxa planda qalır” - QURUM RƏSMİSİ DANIŞDI

“Sənaye üsulu ilə hazırlanan ərzaq məsulları, yəni ev təsərrüfatında hazırlanmayan qidaların hər partiyasından analiz götürülür, müəssisənin akkreditasiya olunmuş laboratoriyasında yoxlamalar keçirilir. Hər məhsulun özünəməxsus yoxlama prosedurları var”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, ayrı-ayrı məhsul növlərində daha xüsusi yanaşmalar mövcuddur: “Məsələn, yaşıl noxud istehsalında müəyyən emal proseslərindən keçirildikdən sonra bankalara doldurulur, lazımi əlavələr edilir və xüsusi rentgenlə buraxılır ki, içərisinə kənar cisimlər düşməsin. İyirmi gün saxlanıldıqdan sonra çeşidləndirilir, daha sonra isə bir ay saxlanılaraq, sonrasında satışa göndərilir.

Xaricdən gələn məhsullar isə Azərbaycana daxil olduqda AQTA-nın laboratoriyalarında yoxlamadan keçirilir, təhlükəsizliyinə dair sənəd verildikdən sonra bazara buraxılır. AQTA-nın rəsmi sənədi olmadan heç bir məhsul marketlərə daxil ola bilmir. Lakin bununla belə keyfiyyət məsələsi daim arxa planda qalır. Azad İstehlakçılar Birliyi isə bununla razı deyil və daim məsələ qaldırılır ki, məhsulun keyfiyyəti məsələsi ön plana çəkilsin. Təəssüf ki, hazırda məhsulun keyfiyyət məsələsi arxa planda qalır, yalnız təhlükəsizliyinə diqqət ayrılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə