"Paytaxtın mərkəzində ən bəsit orfoqrafik səhvlər olan yazılar var" - MÜSAHİBƏ

"Paytaxtın mərkəzində ən bəsit orfoqrafik səhvlər olan yazılar var" - MÜSAHİBƏ

SİA sosial şəbəkələrdə izləyiciləri fərqli üsullarla maarifləndirən və insanlar tərəfindən maraqla izlənən "Grammar Azi" səhifəsinin qurucusu Murad Hüseynovla müsahibəni təqdim edir:

- Səhifənin yaranma hekayəsini danışa bilərsinizmi? Haradan ağlınıza gəldi belə bir səhifə yaratmaq?

- 2016-cı ildə feysbukdakı dostlarımdan biri müxtəlif sözlərin düzgün yazılışı haqqında yazı paylaşmışdı, şərh bölməsində istifadəçilər ən çox yayılmış səhvlər haqqında müzakirə aparırdılar. Mən isə ona yazmışdım ki, nə vaxtsa “grammar nazi” mövzulu səhifə açsa, admin heyətinə məni də dəvət etsin. Digər bir istifadəçi rəy yazmışdı ki, yazıda səhv buraxan səhifənin mesaj bölməsinə səhvlər haqqında yazdıqda onun müraciətinə məhəl qoymurlar. Uzun sözün qısası, bütün bu məqamları nəzərə alaraq belə bir səhifə açmaq qərarına gəldim və həmin müzakirədə aldığım məlumat mənə səhifənin iş prinsipini hazırlamağa kömək etdi.

- “Grammar Azi”nin əsas hədəfi nədir?

- “Grammar Azi”nin yolu var. Biz xidmət edirik. Əlbəttə, bu yolda müəyyən kiçik hədəflər də var ki, onlar daimidirlər, yəni hər zaman onlar üçün çalışmaq lazımdır. Bu hədəflərə yazı səhvlərinin düzəldilməsinin diqqətdə saxlanılması, gün ərzində mümkün qədər çox izləyici suallarının cavablandırılması, səhifənin üslubuna yeniliklərin əlavə olunması və s. aiddir.

- Ölkəmizdə bu formatda çalışan başqa səhifələr də mövcuddurmu?

- Bilmirəm, bəlkə də, var, amma mən tanımıram.

- Sizcə bu sahədə maarifləndirmə lazımi səviyyədə aparılırmı?

- Xeyr, çünki praktiki ehtiyac yox səviyyəsindədir. Hazırda paytaxtın mərkəzində ən bəsit orfoqrafik səhvlər olan yazılar var ki, illərlə toxunulmaz qalıb. Şuşada “Xarıbülbül”, “Yasəmən” hotellərinin qarşısında “otel” yazılıb. Nəzərinizə çatdırım ki, “Yasəmən” hoteli yenicə bərpa edilib və qarşısında bu söz səhv yazılıb. Hazırda Şuşada yeni tikili bu adı daşıyır: Şuşa Otel-Konqres Mərkəzi. Bu yalnız bir sözün səhv yazılmasına aid qısa məlumatdır. Buna aid hansısa bir tədbir görülübmü? Bilmirik. Əgər hansısa bir sözü bu cür vacib yerlərdə səhv yazmaq olarsa, onda insan niyə maariflənmək istəsin? Yəni maariflənmənin olmaması ona hansı praktiki çətinlik yaradacaq? O adam hotelinin qabağında “otel” yazsa və buna görə ona gözün üstə qaşın var deyən olmayacaqsa, niyə maariflənmə ehtiyacını hiss etsin ki?

- Gündəlik həyatda insanların işlətdiyi sözlərlə yanaşı lüğətlərdə olan səhvləri də acığa çıxararaq göstərirsiniz. Sizcə mütəxəssislər tərəfindən tərtib edilən bu lüğətlərdə belə səhvlərin olması nədən irəli gəlir?

- Məncə, elə mütəxəssis çatışmazlığından irəli gəlir. Lüğət üzərində təkcə dilçilər yox, müxtəlif sahələrin Azərbaycan dilini yaxşı bilən mütəxəssisləri də işləsələr, daha gözəl olar. Texniki xətalar və transliterasiya uyğunsuzluqları var. Bu cür nöqsanların operativ şəkildə aradan qaldırılması üçün lüğət elektron olmalıdır.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə