Məlum məsələdir, indi hər kəsin əlində bir telefon var. Sağlıqlarına qismət olsun, xeyirli xəbərlər eşitsinlər. Allah ağıl-kamal nəsib etsin ki, bu telefonlardan hər kəs lazımi şəkildə istifadə etsin. Tanrı telefon sahiblərini sosial şəbəkələrin qurbanı etməsin, onları saatlarla Tiktokda ilişdirib saxlamasın. Allah Tiktokdakıları görməkdən hər kəsi qorusun.
Mətləbdən uzaqlaşmayaq. Hər kəsin ki, əlində bir telefon var, bu, birinci danışmaqdan yana idi. Sonralar bununla şəkillər, hətta videolar da çəkilməyə başlandı. Hər kəs hara getdisə, çəkdi, paylaşdı ki, necə deyərlər, dost sevinsin, düşmənin də bağrı çatlasın.
Şəhərimizdə tez-tez konsertlər təşkil olunur. Həm yerli müğənnilərin, həm də xaricdən od qiymətinə gətirilənlərin konserti. Camaat da yığışıb konsertə gedir. Əcəb də edir. Çünki asudə vaxtını səmərəli keçirmək istəyir. Burada şəkillər, videolar çəkdirir, müğənnilərin yanına qalxmaq, onları da fotolarda əbədiləşdirmək, video kadrlarına köçürmək üçün əldən-ayaqdan gedirlər. Hətta bunun üçün qan da düşür, baş da yarılır.
Hə, bunu yaxşı başa düşürük ki, camaat od qiymətinə bilet almır ki, təkcə gedib orada hər gün televiziya-radiodan dinlədiyi mahnıları bir də eşitsin. Həm də ona görə alır ki, qayıdıb paylaşsın, dostu da, düşməni də yandırıb yaxsın ki, bax, mən haradayam, sən haradasan...
Bunu başa düşməmək mümkün deyil. İnsanları da anlamaq lazımdır. Nə edək ki, psixologiyamız artıq bu cür formalaşmağa başlayıb. Biz də çoxsaylı psixologiyalara sayğı ilə yanaşmalıyıq.
Lakin deyəcəyim yenə də bu deyil. Deyəcəyim elə bir məsələdir ki, günlərdir, fikirləşirəm, hələ də tapa bilmirəm ki, bu, nə üçün belədir. Dedim bir sizə də məsləhət edim, bəlkə bilərsiniz.
Məəttəl qaldığım məsələ ayrıdır. Elə bu məsələni əslində hər il görürəm ey. Lakin nədənsə bu il ağlıma gəldi ki, görəsən camaat bunu nə üçün edir? Deməli, 31 dekabrda insanlar axışır şəhər mərkəzinə ki, günün tamamında atəşfəşanlıq olacaq. Gedək, baxaq, yeni ili təmtəraqla qarşılayaq. Ona məəttəl qalıram ki, atəşfəşanlıq zamanı təsadüf adam olar ki, ona canlı baxsın. Qalan hamı telefonların ekranından seyr edir bunu. Yəni video çəkir, elə çəkməklə də bu təntənəni izləyir.
Belə baxıram-baxıram, fikirləşirəm ki, yaxşı, bu camaat gecənin soyuğunda atəşfəşanlığı izləməyə gəliblərsə, nə üçün izləmir? Görəsən atəşfəşanlığı nə üçün çəkirlər? Məəttəl ona qalıram ki, aparıb ilboyu baxacaqlar, yoxsa bunu nə edəcəklər ki, hamı çəkir? İstəyirsən güləsən, ağlamaq tutur səni. Ağlamaq da istəmirsən ki, axı yeni ildir. Nə edəsən, çox məəttəl qalıram bu məsələyə...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB