"İçməli su ehtiyatlarından istifadə Azərbaycan üçün ciddi problemdir" - AYDINLIQ GƏTİRİLDİ
"İçməli suyun israfının qarşısını almaq, insanları bu mövzuda maarifləndirmək olduqca aktual məsələdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, bu, bir region, coğrafiya üçün deyil, bütün dünya üçün aktualdır: "Səbəb isə dünyada içməli su ehtiyatının azlığı və getdikcə də azalmasıdır. Qlobal istiləşmə fonunda ən ciddi fəsadlardan biri su ehtiyatlarının, özəlliklə içməli su ehtiyatının azalmasıdır. Buna görə bütün ölkələr bu istiqamətdə tədbirlər proqramı ortaya qoymalıdır".
Sosioloq deyib ki, ölkəmizdə də dövlət səviyyəsində su israfının aradan qaldırılmasına yönəlmiş qaydalar vardır: "Düşünürəm ki, bunu daha da optimallaşdırmaq üçün addımlar atılmalıdır. Üç Cənubi Qafqaz ölkəsinin ərazi və əhali sayına görə ən böyük ölkəsi Azərbaycandır. Təəssüf ki, Cənubi Qafqazın içməli, ümumi su ehtiyatının ən az faizi Azərbaycanın payına düşür. Bu da ölkəmiz üçün ciddi siqnaldır, əhali sayı artmaqdadır və içməli su resurslarımız o qədər də yetərli deyil. Müsbət məqam odur ki, 30 il sonra Qarabağı işğaldan azad etdik. Azərbaycanın içməli su ehtiyatlarının önəmli hissəsi Qarabağ bölgəsində və Şərqi Zəngəzurdadır. Həmin resurslardan istifadə etmək imkanı var, gələcəkdə bu layihələr reallaşa bilər. Qalan problem kimi əhalinin içməli sudan istifadə qaydalarına riayət etməsi, israfın aradan qaldırılmasına yönəlmiş tədbirlərin görülməsidir. Vətəndaşlarımız içməli sudan səmərəli şəkildə necə istifadə edə bilirlər? Bu çox ciddi problemdir. Kifayət qədər israfçılıq var. Ümumiyyətlə, insan heç nəyi israf etməməlidir. Ciddi mübarizə aparıb vətəndaşlarımızı bu istiqamətdə məlumatlandırmalıyıq. İnsanlar su probleminin nə qədər ciddi olduğunun fərqində olmalı, könüllü şəkildə ekoloji şüur baxımından məsələyə yanaşmalıdırlar. Bunları çatdırmaq üçün sosial ekoloji maarifləndirmə tədbirlərinə ciddi ehtiyac görürəm".
A.Həsənov əlavə edib: "Azərbaycanda ekoloji mədəniyyətin səviyyəsi yetərli deyil. Həm içməli sudan istifadə, həm də davranış məsələsində son 30 illik tarixdə baş verənlər göstərdi ki, ekoloji şüur və mədəniyyət səviyyəsi Azərbaycan cəmiyyətində aşağıdır. Sosioloq olaraq müşahidələrimə əsasən və aparılan sosioloji tədqiqatların da nəticəsində bu nəticəyə gəlmişəm. Məsələn, Bakı şəhərinin, ətraf mühitin çirklənməsi insan faktoru ilə bağlıdır. Ekoloji şüur və mədəniyyət çox ciddi məsələdir. Çünki insanların ətraf mühitlə davranışı, münasibəti, təbii resurslardan, içməli su ehtiyatlarından nə dərəcədə istifadə məsələsi Azərbaycan cəmiyyəti üçün ciddi problemdir. Cəmiyyəti israfçı adlandıra bilərik. Reallıqda dövlət tərəfindən verilən içməli suyun haqqı vətəndaş tərəfindən ödənilir. Buna baxmayaraq vətəndaşlar israf etməkdən çəkinmirlər. Dövlət inzibati metod kimi içməli suyun qiymət artımını edə bilər. Paralel olaraq qaydalar sərtləşə bilər. Cərimələri qarşılamağa, suyun qiyməti baha olarsa, onu ödəməyə maddi imkanlar yetərli deyil. Azərbaycandakı minimum əmək haqqı, bu kimi amillər hələlik ciddi qiymət artımına getməyi mümkün etmir. Olarsa, cüzi artım ola bilər. Kəskin qiymət artımı da cəmiyyətdə narazılıqlara səbəb ola bilər. Dövlətin də indiki şəraitdə bunu edəcəyini təxmin etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB