Bayramdan sonra işə adaptasiya probleminin yaranma SƏBƏBLƏRİ - PSİXOLOQ AÇIQLADI
"Qeyri-iş günləri və ya bayram sonrası insanlarda işə adaptasiya çətinliyi yaranır. Bu çətinliyi yaradan əsas amillərdən biri insanların gündəlik rutininin pozulmasıdır. Bura həm fiziki, həm də zehni rutinin pozulması daxildir. Məsələn, çox aktiv və gərgin şəraitdə çalışan insanlar bayram günlərində birdən-birə passiv rejimə keçir. Bu da onlarda bayram sonrası adaptasiya probleminin yaranmasına səbəb ola bilər. Eyni zamanda, sakit mühitdə çalışan insanlar da birdən-birə bayram əhval-ruhiyyəsi ilə öz yarımçıq işlərini çatdırmağa çalışırlar. Bu da onlarda fiziki və zehni yorğunluq yarada bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Azərqızı deyib.
Psixoloq bildirib ki, əslində, işə adaptasiya probleminin yaranmağı insanların tətil müddətini necə təşkil etmələrindən asılıdır: "Əgər iş rejimi ilə tətil arasında böyük fərq olacaqsa, işə adaptasiya müddəti də çətinləşəcək. Bu adaptasiya müddətini asanlaşdırmaq üçün çalışmaq lazımdır ki, tətilin son günündə işdə nələr edəcəyimizin planını quraq. Həmçinin, işə başladıqda özümüzü fasilələrlə çalışmağa sövq etməliyik".
"Birdən-birə işləri tələsik çatdırmağa çalışsaq, adaptasiya müddətimiz də bir o qədər çətinləşəcək. Yəni, müəyyən qədər fiziki aktivliyi qorumaq lazımdır. İlk iş günündə yoldaşlarla sosiallığı artırmaq da adaptasiyanı asanlaşdıran faktorlardandır. Bu adaptasiya müddəti ən uzağı 1-2 gün davam etməlidir. Əgər bu müddət daha çox davam edirsə və psixoloji narahatlıq yaradırsa, bu zaman psixoloji dəstək ala bilərlər",- deyə F.Azərqızı əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB