Ötən illər yaddaşımızda müxtəlif hadisələrə imza ataraq öz yerini yenisi ilə əvəzləyir. Bunların içində şirin, yaddaqalan anlar da olur, ağrılı-acılı günlər də var. Hər bir halı ilə ömür dəftərimizə həkk olan günlərin mahiyyətinə onun ictimai əhəmiyyəti əlavə olunacağı halda artıq bu fərdi hadisədən çıxaraq sosial yüklü mövzuya çevrilir. Biz ötürməkdə olduğumuz ilin məhz ölkə gündəmində təsir gücünə malik ictimai hadisələri vərəqləməklə geridə qoyduğumuz ilin inanclılar üçün hansı əlamətdar hadisəyə imza atdığına nəzər salacağıq.
2023-cü ildə baş verən digər ən mühüm hadisə silahlı şəxsin Azərbaycanın İrandakı səfirliyinə hücum etməsi oldu. Bir nəfərin ölümü ilə nəticələnən hücum iki ölkə arasında diplomatik gərginliyi pik həddə çatdırsa da, ilin sonuna yaxın münasibətlərdə yumşalma müşahidə edildi.
Buna baxmayaraq, İran səfirliyə hücumun siyasi deyil, şəxsi motivli olduğunu bildirsə də, Azərbaycan hələ də bu versiyanı qəbul etmir və Tehrandan məsələni ciddi araşdırmağı tələb edir.
Millət vəkili Fazil Mustafanın evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralanması isə 2023-cü ilin sui-qəsd hadisəsi idi. Deputat ona edilən sui-qəsdin sifarişinin İrandan gəldiyini bildirdi və bunu İranla bağlı səsləndirdiyi tənqidi fikirlərlə əlaqələndirdi. Bu ittihamlara İranın reaksiyası məlum deyil. Bu, son illərdə siyasi-ictimai xadimə qarşı edilən ilk sui-qəsd idi.

Başa çatmaqda olan 2023-ci il Azərbaycanda bir çox yaddaqalan hadisələrlə müşayiət olundu. Şübhəsiz ki, cəmiyyətimiz üçün bu hadisələrdən ən önəmlisi Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində erməni separatizminin kökünün kəsilməsi, qondarma "Artsax"ın "liderləri"nin həbs olunaraq Bakıya gətirilməsi, Azərbaycanın suverenliyinin bərpa olunmasıdır.

Bu il ölkəmiz üçün çox uğurlu olub, müxtəlif hadisələr baş verib. Cənab Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırması hər bir azərbaycanlı üçün ən yadda qalan hadisədir. Prezidentin Xankəndi meydanındakı tarixi çıxışı bu ilin unudulmaz hadisələrdən biri idi. Eyni zamanda dövlət başçısının Ağdərə, Xankəndi, Xocalıda üçrəngli bayrağımızı qaldırması ilin əsas hadisələri sırasında yer alır. Bu il Xankəndidə keçirilən hərbi parad ölkə gündəmində ən yaddaqalan hadisələrdəndir. Hər bir azərbaycanlı bu paradla fəxr edirdi.
Ölkəmiz bu il beynəlxalq konfranlara da ev sahibliyi edib, bu da ölkənin nüfuzunu beynəlxalq platformalarda qaldırıb. Digər tərəfdən ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərə də ev sahibliyi edib. Həmçinin növbəti il Azərbaycanda COP29 keçiriləcək. Bu qərar ölkəmizi beynəlxalq platformada daha da tanıtdıracaq.
Həmçinin növbəti ən yadda qalan hadisə isə növbəti il keçiriləcək olan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Prezidentin Sərəncamıdır. Bu qərar ölkənin daha da uğurlara imza atmasına imkan yaradacaq.
Əsir saxlanılan Aqşin və Hüseynin qaytarılması ilin ən sevincli hadisəsi oldu. Aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
İqtisadi sahədə...
Bəs, 2023-cü il daha çox hansı iqtisadi hadisələrlə yadda qaldı? İlin əvvəllərində minimum əmək haqqı 300 manatdan 345 manata qaldırıldı. Minimum pensiya 240 manatdan 280 manata yüksəldi. Aprel ayında 2020-ci ildən bəri artan inflyasiya zəifləməyə başladı. 2023-cü ildə 25 bankdan 2-ni itirdik. Bu il neft gəlirləri ilə qaz gəlirləri bir-birinə yaxınlaşdı. Bu ilin 11 ayında 12 milyard dollarlıq qaz satmışıq. Neftdən gəlirimiz isə 15 milyard dollardan bir qədər artıq olub.
Mərkəzi Bank pul siyasətini dəyişdi. Nəticədə ilin 9 ayında uçot dərəcəsi artırıldı. Sonuncu rübdə isə faiz dərəcələri aşağı salındı. Ona görə də 2023-cü il Mərkəzi Bankın maliyyə alətlərindən aktiv istifadə etməsi ilə yadda qaldı.
2023-cü ilin ən xoş xəbəri inflyasiyanın zəifləməsi oldu. İlin sonuna yaxın inflyasiya 2 rəqəmli həddən 1 rəqəmli həddə düşdü. Bu tendensiya davam edəcəksə, bu çox müsbət bir yenilikdir. Digər bir müsbət hadisə inflyasiyanın zəifləməsi fonunda qiymətlərdə sabitliyin yaranmasıdır. Qiymətlərdəki sabitlik hər birimizin həyatına birbaşa təsir edən amildir.
Dünyada bu il nə baş verib?
2023-cü il İsraillə HƏMAS arasında başlayan, Rusiya və Ukraynanın davam edən müharibələrindən tutmuş, Türkiyədə, sonra isə Mərakeşdə baş verən dağıdıcı zəlzələlərə qədər bir çox hadisə ilə yadda qaldı.

İsrail-HƏMAS müharibəsi
Müharibənin başlamasına səbəb HƏMAS “komando”larının oktyabrın 7-də Qəzza zolağından İsrailin cənubuna sızaraq sərhədyanı qəsəbələrə basqın etməsi olub. Qəzzada müharibə başlayandan bəri ölənlərin sayı 21 110 nəfərə çatıb, 55 243 nəfər isə yaralanıb.
.jpg)
Rusiya-Ukrayna müharibəsinin davam etməsi
24 fevral 2022-ci ildə Rusiyanın hücumu ilə başlayan müharibə bu ildə dünyanın gündəmi oldu. Rusiya ordusu cari ilin yanvar ayında Ukraynanın şərqindəki Donbass bölgəsinə yenidən hücuma keçdi. Moskva ən uzun və qanlı müharibədən sonra Baxmutun tutulduğunu elan etdi.
Kiyev iyun ayında Moskvanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün əks hücuma keçdi, ancaq cənubda və şərqdə bir neçə kəndi geri ala bildi.İyunun 24-də Vaqner qrupunun üsyançı döyüşçüləri Moskvaya doğru yürüş etdi. Prezident Vladimir Putinin sərt mövqeyindən sonra geri çəkilən qrupun lideri Yevgeni Priqojin iki ay sonra təyyarə qəzasında dünyasını dəyişdi. Kiyev noyabrın ortalarında rus ordusunu cənubdakı Xerson vilayətində bir neçə kilometr geri çəkdiyini iddia etdi.

Türkiyədə və Mərakeşdə zəlzələlər
Fevralın 5-dən 6-na keçən gecə Türkiyənin cənub-şərqində və Suriyanın şimalında son 100 ilin ən ölümcül zəlzələlərindən biri baş verib. 7,8 bal gücündə baş verən zəlzələdə ən azı 56 min insan həyatını itirib.
Mərakeş sentyabrın 8-də güclü zəlzələ nəticəsində silkələnib. 6,8 bal gücündə zəlzələ nəticəsində 3000-ə yaxın insan ölüb, 5600-dən çox insan yaralanıb. Zəlzələ 3000 kənddə 60 min evə ziyan vurub.

Afrikada çevrilişlər
2023-cü ildə Afrikada iki hərbi çevriliş olub. Nigerin Sahel bölgəsində ordu iyulun 26-da "təhlükəsizlik vəziyyətinin pisləşməsini" əsas gətirərək hakimiyyəti ələ keçirib. Devrilmiş prezident Mohamed Bazoum o vaxtdan bəri öz iqamətgahında təcrid olunmuş vəziyyətdə saxlanılır.
Qabonda Ali Bonqo Ondimbanın hakimiyyəti qanun pozuntularına görə tənqid edilən prezident seçkilərindən dərhal sonra avqustun 30-da hərbi çevrilişlə sonlanıb. Çevrilişlə 55 illik Bonqo hökumətini devirən və hərbi idarənin başçısı olan general Brice Oliqui Nguema ölkədəki qurumların daha demokratik olacağına söz verib.
Aprelin 15-dən Sudanda general Əbdülfəttah əl-Burhanenin rəhbərlik etdiyi ordu ilə keçmiş komandir Məhəmməd Hamdane Daqlonun hərbiləşdirilmiş qüvvələri arasında davam edən müharibə 10 mindən çox insanın ölümünə səbəb olub.
Fransa 2022-ci ildə Mali və Mərkəzi Afrika Respublikasından, 2023-cü ildə isə digər iki keçmiş müstəmləkəsi- Burkina Faso və Nigerdən qoşunlarını çıxarmalı oldu.

Yüksək temperatur və yanğınlar
Avropanın Kopernik rəsədxanasının məlumatına görə, iyundan oktyabr ayına qədər olan aylar dünyada rekordlar üzrə ən isti aylar olub. Bu temperaturlar quraqlığa, dağıdıcı yanğınlara və daha güclü qasırğalara səbəb oldu. Kanada bu il tarixi meşə yanğınları mövsümü yaşadı, 18 milyon hektardan çox ərazi yandı və 200.000 insan didərgin düşdü. Avqust ayında Havay adalarında baş verən yanğınlar Maui adasının Lahaina turizm şəhərində 97 nəfərin həyatına son qoyub.
Avropa İttifaqında indiyə qədər qeydə alınan ən böyük yanğın Yunanıstanın Evros bölgəsində baş verib.Yanğında ən azı 26 nəfər ölüb. Sentyabr ayında sellər Fesaliyanın münbit düzənliklərini viran qoymuş və 17 nəfərin ölümünə səbəb olmuşdur.

Beləliklə, dünyada və planetimizin cənnət guşəsi Azərbaycanda həyat öz axarını 2024-cü ildə də davam etdirəcəyinə inanırıq. Ona da inanırıq ki, gələn təqvim ili ölkəmizə, xalqımıza xoşbəxtlik, firavanlıq gətirəcək...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB