"Azərbaycan gənci ilk növbədə vətənpərvər olmalıdır" - MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan gənci ilk növbədə vətənpərvər olmalıdır" - MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan təhsilinin qarşısında duran başlıca vəzifələrdən biri, bəlkə də, birincisi sağlam vətəndaş yetişdirmək missiyasıdır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O, sözlərinə davam edərək deyib: "Məktəb təhsilin bütün pillələrində bu missiyanı davam və inkişaf etdirməlidir. Bu istiqamətdə məktəblər, təhsil müəssisələri fəaliyyətlərini qurmalıdır. Mən hesab edirəm ki, həm də qururlar. Azərbaycan təhsilinin çox böyük uğurları var. Biz torpaqlarımızı işğaldan azad etmişiksə, ərazilərimizin suverenliyini bərpa etmişiksə, bunu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu və ordunun əsgər, zabitləri hesabına etmişik. Əsgər və zabitlər kimlərdir? Azərbaycan məktəblərinin yetirmələridir. Zamanında ulu öndər qeyd edirdi ki, Azərbaycan gənci ilk növbədə vətənpərvər olmalıdır. Vətənpərvərlik ruhunun formalaşdırılması dövlətin qarşısında duran bir nömrəli vəzifələrdən biridir. Sağlam, vətənpərvər vətəndaş yoxdursa, dövlətin gələcəyini etibar edəcəyi insanlar yoxdur. Ona görə, vətənpərvərlik həm də dövlət ideologiyasında qırmızı xətlə keçməlidir. Bu, bizim dövlətimiz üçün, müstəqilliyinin tarixi böyük olmayan ölkələr üçün qabarıq görünür. Məktəblər bu istiqamətdə mütləq işlər görməlidirlər".

İ.Orucovun sözlərinə görə, vətənpərvərlik hissini aşılamağın bir neçə yolu var: "Həm təhsilin bir hissəsi olaraq müəllimlər şəxsi nümunələr əsasında vətənpərvərlik hissini aşılamalıdırlar. Bunu dərsliklərin məzmunu çərçivəsində etməlidirlər. Həm də valideynlər vətənpərvərliyi aşılamalıdırlar. Biz övladlarımızı nə qədər milli dəyərlər ruhunda böyütsək, dövlətimizin də gələcəyindən, milli genefondumuzun gələcəkdə hansı yerdə olacağından da arxayın ola bilərik. Bütün mənada Azərbaycan dövlətinin gələcəyini təmin etmiş olarıq. Vətənpərvərliyi böyüklər davranışlarında göstərməlidirlər, çünki uşaqlar böyüklərdən öyrənir. Siz bu gün övladınıza nəyi tərbiyə etsəniz, sabah övladınız onu sizə, cəmiyyətə qaytaracaq. Ona görə də, ailələrdən, məktəblərdən başlayaraq böyüklərin bu işdə nümunə olmasını birinci şərt hesab edirəm. İkincisi, dərsliklərin məzmununda bu məsələ kifayət qədər qabarıq özünü ifadə etməlidir. Biz şagirdlərə, uşaqlara tariximizi sevdirməliyik, öyrətməliyik. Dilimizi sevdirməliyik, milli dəyərlərə məhəbbəti formalaşdırmalıyıq. Məktəb bu məsələdə çox böyük rol oynayır. Böyük Azərbaycan məktəbi həm də ona görə önəmlidir ki, onun yetişdirdiyi uşaqlar əsgər, zabit olub Ali Baş Komandanın çağırışı əsasında, dəmir yumruq ətrafında birləşərək vətən torpaqlarını azad etdilər. Bu işdə kütləvi informasiya vasitələri üzərlərinə düşən yükün məsuliyyətini yaxşı hiss etməlidirlər. Qlobal məkanda güclü təsirlər var ki, cəmiyyətlərə sirayət edir. Zərərli təsirlərin qarşısını almaq üçün kütləvi informasiya vasitələri davamlı işləməlidirlər. Televiziyalar qapını döymədən evlərə daxil olur. Televiziya ideoloji xətti unutmamalıdır. Vətəndaş cəmiyyəti bu məsələdə kifayət qədər aktivdir. Davamlı olaraq insanlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Funksional davranışları ilə hər zaman çalışmalıdırlar və işlər görməlidirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə