Şirvan şəhərinin 60 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib

Şirvan şəhərinin 60 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib

29 dekabr 2023-cü il tarixində keçirilən ümumşəhər tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Sonra şəhərin Heydər Əliyev meydanında Şirvan şəhərində istehsal olunan məhsulların sərgisinə və Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinə həsr olunmuş “Şirvan-60” adlı sərgiyə baxış keçirilib. Sərgidə Şirvan şəhərinin tarixini və bu gününü əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş nitqi ilə açaraq, tədbir iştirakçılarını və şəhər sakinlərini Şirvanın 60 illik yubileyi münasibətilə təbrik edərək, bildirib ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il həm də Ulu Öndərin ideya və arzularının öz tarixi gerçəkliyinə qovuşduğu möhtəşəm “ZƏFƏR İLİ” kimi tariximizin yaddaşına əbədi həkk olundu. 2023-cü il həm də şirvanlılar üçün daha bir möhtəşəm tarixlə yadda qaldı. Doğma şirvanlılar 2023-cü ildə özünün əsrarəngiz gözəlliyi, müasirliyi ilə göz oxşayan, sosial-iqtisadi yüksəlişi ilə ölkəmizin ən böyük sənaye mərkəzlərindən biri olan, hər zaman bütün sahələri əhatə edən böyük nailiyyətləri ilə respulikamıza səs salan Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyini qeyd edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, insan amilinə göstərilən qayğı sayəsində özünün yeni inkişaf dövrünə qədəm qoymuş Şirvan şəhəri bu gün növbəti inkişaf mərhələsini yaşayır.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə Millət vəkili İltizam Yusifov, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, əməkdar insəsənət xadimi, professor Nazim Kazımov, şəhər Ağsaqqallar şurasının sədri, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək, bildiriblər ki, “Neft şəhəri”, “Nur şəhəri” kimi tanınan Şirvan şəhəri 60 illik yubileyini öz əsrarəngiz gözəlliyinin libası ilə qeyd edir. Ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal rol oynayan, şəhərimizin dəyərli, elm, mədəniyyət, incəsənət xadimləri, görkəmli təhsil, səhiyyə işçiləri, neftçiləri, energetikləri bir sözlə ictimai həyatın, iqtisadiyyatın bütün sahələrində çalışan şəhər sakinləri doğma şəhərimizin 60 illik yubileyini həmrəylik, qürur və sevinc hissi ilə qeyd edirlər.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilən Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Azər Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib.

Daha sonra Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illiyi ilə əlaqədar bir qrup şəxsə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim olunub.

Həmçinin silsilə tədbirlər çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” və Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar şəhərin 20 Yanvar 17 və 17A küçəsində ağacəkmə aksiyası keçirilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə