"Jurnalistika peşəsində mühüm yeniliklər tətbiq edəcəyəm" - SORĞU
İlin sonuna bir neçə gün qalıb. Ali məktəblərin sonuncu kurs tələbələri sonuncu dəfə auditoriyada dərsdə iştirak etdilər və həmin auditoriyalarla vidalaşdılar. SİA 2024-cü il məzunlarının təəssüratlarını öyrənib.
Məzun Şəms Hüseynlinin fikrincə universitet insan həyatında əvəzedilməz rol oynayır: "Bunun bünövrəsi məktəbdən başlayır, universitetdə artıq möhürü vurulur və tam olaraq formalaşırsan. Həyata baxış tərzin dəyişə və dəyişməyə bilər. Ötən günlərin birində universitetə daxil olarkən məhz birinci kursda bura gəldiyim dönəmi xatırladım. Sanki qarşıda öz birinci kursdakı əksimi gördüm. Hər şeydən necə xəbərsiz, məlumatsız, xəyallarla gələn, rəngarəng dünya ilə bu universitetə daxil olan biri ikən artıq formalaşaraq universitetdən məzun oluram".
Məzun Ataməli Əliyev bildirib ki, məzun olmaq çox qəribə hissdir: "Ümumiyyətlə bir şeyi bitirmək, bitdiyini müşahidə etmək çox qəribədir. Çünki bir tərəfdən görürsən ki, bizim xatirələrimiz qalır, həyatımızın bir dövrü qalır. Bir tərəfdən isə deyirsən ki, nəsə yeni başlanğıcdır bu. Amma mənə bir tələbə kimi məzun olmaq çox təsir edir. Mən öz ixtisasımı sevərək gəlmişəm. Mənim üçün bu fakültədən ayrılmaq elə də yaxşı hiss deyil. Amma bir insan kimi biz həmişə gələcəyə baxmalıyıq. Əgər bir şey bitirsə deməli başqa bir şey başlayır. Düşünürəm ki, çox pis olmaq lazım deyil. İnsan kövrələ bilər. Son dərsin verdiyi hiss mənə təsir etdi. Son dəfə o auditoriyada olmaq, eyni uşaqlarla həmin partalar arxasında əyləşmək çox gözəl hissdir. İnsan bunun bitməsini istəmir amma bu qaçılmaz bir şeydir deyə biz artıq zamanı saxlaya bilmirik. Mən bir məzun kimi məndən aşağı kurslarda təhsil alan bütün tələbələrə bir tövsiyyəm var ki, bu dörd ili doya-doya yaşasınlar. Çünki bitirəndə artıq bunların nə qədər dəyərli illər olduğunu biləcəklər. Mənim üçün şəxsən belə oldu, bitirəndə anladım çox dəyərli olduqlarını. Təbii ki, həyat davam edir, yeni mərhələlər başlayır, həm təhsil həm karyera həm şəxsi həyatda. Amma yenə də tələbəlik kimi gözəl dövr şəxsən mənim üçün olmayıb".
Məzun Mikayıl Mirzəzadə düşünür ki, Azərbaycanda jurnalist peşəsinə dərindən yiyələnmək, peşəkar olmaq üçün görkəmli jurnalistlərdən, müxtəlif media ekspertlərindən dərs almaq lazımdır: "2020-ci ildə bu mühitə qədəm qoyanda hər şeyin çətin olacağını və bu sahənin hər bir nüansını dəqiqdən öyrənə bilməyəcəyimə şübhə edirdim. Lakin adı həmişə manşetlərdə olan, bizim isə yaxından tanımadığımız simalar layiqli vətəndaş və jurnalist kimi yetişməyimizdə misilsiz rol oynadılar. Bu proses təbii ki, həmişə davam edəcək. Çünki jurnalistika ixtisası elə bir peşədir ki, orada təkcə universal və ya peşəkar yox, həm də şərəfli, ləyaqətli və vicdanlı olmaq öyrədilir. Bu gün isə biz - BDU-nun jurnalistika fakültəsinin tələbələri təhsilimizi başa vuraraq bildiklərimizi bərkidib onları aşılamağa gedirik. Universitet həyatı əslində bitməyib, bu hələ sonun başlanğıcıdır. Hesab edirəm ki, bəlkə də 1-ci kursdan gənc jurnalist kimi fəaliyyət göstərməyimin arxasında universitet müəllimlərimin böyük rolu var. Bu gün hansısa media qurumunda yazılarımın, materiallarımın dərc olunması onların köməyi, sayəsindədir. Peşəmi və universitetimi sevirəm. Bu sahədən həzz alıram və güman edirəm ki, gələcəkdə jurnalistika peşəsində mühüm yeniliklər tətbiq edəcəyəm. Bundan savayı, BDU-nun jurnalistika fakültəsi mənə çox xoş anlar və qırılmaz, həmişəyaşar dostluqlar, qazanclar bəxş edib. Hazırda xoşbəxt tələbəyəm ki, BDU-da təhsil almışam və buradakı ənənələri davam etdirəcəyimə inanıram. Jurnalistika fakültəsinə daxil olan tələbələrə isə tövsiyyəm odur ki, müəllimlərlə tələbə-müəllim yox, dost olun və daim onlardan öyrənin. Çünki illər sonra onlar sizin məharətli işlərinizdən agah olub qürur hissi keçirəcəklər".
Məzun Şəmsiyyə Cəfərquluzadə bildirib ki, oxuduğu bu 4 il ərzində, çox şeylər öyrənib: "BDU-nun həyatıma daxil olması ilə mənim ömür səhifəmdə yeni qapıların açıldığını sizə deyə bilərəm. Yeni insanlar tanıdım, yeni dostluqlar qazandım. Mən jurnalistika fakülətəsində oxuyuram, inanın bir dəfə də olsun "kaş başqa fakültədə oxuyardım" demədim. O qədər isti münasibət görürsən ki, tam ailən kimi olur, heç ayrılmaq istəmirsən. Bu semestr də həm nəzəri biliklərlə yanaşı, praktiki biliklər əldə etdiyimi deyə bilərəm BDU studiyasında yaradılmış şərait vasitəsilə. Qısası çox sevdim universitetimi, nə vaxtsa yolumuzun kəsişməsi ümidi ilə".
Məzun İlkin Mustafayev qeyd edib ki, universiteti uğurla bitirmək özündə qürur hissi doğurur: "Bu əmək və çalışqanlığın qarşılığında nailiyyət qazanmaq deməkdir. Tələbəlik dövrü ərzində qazanılmış dostluq və əlaqələr universitetin ən gözəl hissəsidir. Mənə xoşdur ki, bu cür nailiyyətlər və dostluqlar qazandım. Məzun olan hər bir tələbəni təbrik edir, gələcəkdəki, planlarında, fəaliyyətlərində uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB