İnsan niyə yalan danışmaq ehtiyacı hiss edir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Məktəbəqədər yaş dönəmində uşaqlarda şişirdilmiş, qeyri-real danışıqlar müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq sözlərinə davam edərək deyib: "Bu, daha çox valideynləri qorxudur. Onlar düşünürlər ki, uşaqlarının ciddi xəstəliyi var. Tez həkimə müraciət edirlər. Halbuki məktəbəqədər dönəmdə normal haldır. Əgər məktəbli yaş dönəmində də uşaqda yalan davam edirsə, demək, problem var. Ən önəmlisi, uşaq məktəbə getdikdən sonra onlarda belə hal təkrarlanırsa, valideynlər və digər ailə üzvləri də özlərinə diqqət etməlidirlər. Yəni özləri doğru danışmalıdır, uşaq yalan danışarsa, doğrunu danış kimi fikir bildirməlidirlər. "Yalan danışırsan" günahkarlıq hissi doğurur, qıcıq yaradır. Amma "doğrunu danış" deyəndə uşaq o qədər də günahlandırılmır. O zaman uşaq doğruya meyl edəcək".
Psixoloq əlavə edib: "Niyə insan yalan danışmaq ehtiyacı hiss edir? Həyatda hər şeyin səbəbi olduğu kimi yalanın da mütləq səbəbi var. Məqsədli şəkildə yalan danışmağın səbəbi alçaldılma qorxusu, günahkarlıq hissindən, digər insanların təcavüzkar danlağından qaçmaqdır. Səbəblər çoxdur, daha çox müşahidə edilən səbəblər bunlardır. İnsan düşünür ki, mən yalan danışanda vəziyyətdən daha rahat çıxacam. Problem məqsədli yalan danışanda deyil, qarşı tərəfdədir. Çünki qarşı tərəf insanı vadar edir ki, çıxış yolu üçün yalan danışsın. Birinci, biz uşaqlara deməliyik: "səhvlərinlə, dogrunla, hər hərəkətinlə mən sənin yanındayam". Bu, uşağa özgüvən verəcək, o, doğruları etiraf edəcək. Uşaq bilsə ki, cəza alacaq, asan yola - yalana qaçacaq.
Zamanla vərdişə çevrilən və insanı cəmiyyət içində nüfuzdan salan yalan - burada mitomaniyadan söhbət gedir. Yalan danışmaq artıq xəstəlik halını alır və insan öz danışdığı yalana özü də inanır. Ailə üzvlərinə, iş yoldaşlarına, əgər şagirddirsə, sinif yoldaşlarına davamlı yalan danışır. Bu, davranış pozuntusudur. Həmin insanlar yalan danışdıqlarının fərqində olmurlar. O qədər yalan danışırlar ki, nüfuzdan da düşürlər, iş yerlərini, olduqları mühiti tez-tez dəyişirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB