"Cinayət işləri açılmalıdır, valideynlər cəzalandırılmalıdırlar" - HÜQUQŞÜNAS BİLDİRDİ

"Cinayət işləri açılmalıdır, valideynlər cəzalandırılmalıdırlar" - HÜQUQŞÜNAS BİLDİRDİ

Mediada Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması ilə bağlı məlumatlar öz əksini tapıb. SİA mövzu ilə bağlı hüquqşünas Səadət Bənənyarlının fikirlərini öyrənib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində bu kimi halların qarşısını almaq üçün kifayət qədər mexanizmlər var, işləyir də: "Sadəcə olaraq bizim insanlar bu qanunlardan yan keçməyi bacarırlar. Nə qədər təbliğat aparmaq olar? Hər zaman ən böyük yük məktəblərin üzərinə düşür. 12 yaşında uşaq ilk növbədə təhsilini davam etdirməlidir. Əgər uşaq təhsilə gəlmirsə, yaxud həyatında hansısa dəyişiklik olursa təbii ki, ilk olaraq ətrafındakılar, məktəbdəkilər bilirlər. Təhsil ocağı bunu mütləq bilməlidir. Kənddə bir quş uçanda belə xəbər yayılır".

Müsahibimiz bildirib ki, belə insanlara qarşı nə qədər sərt tədbirlər görülsə də davam edirlər: "Elə bilki, bu insanlar tədbirlərdən də çəkinmirlər. Yaş fərqini, o uşağın gələcəyini nəzərə almırlar. Bununla bağlı maddə Cinayət Məcəlləsində də var. Amma təəssüf ki, bu gün o işləmir. Çünki övlad istəmir ki, valideynlərinə cəza verilsin".

S.Bənənyarlı sonda qeyd edib ki, problemi təkcə icra strukturlarının boynuna yıxmaq düzgün deyil: "Bunu mütləq həm də təhsil ocaqları kompleks şəkildə həll etməlidirlər. Cinayət işləri açılmalıdır, valideynlər cəzalandırılmalıdırlar".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə