Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Bayramla əlaqədar müxtəlif tədbirlər keçirilir. Bakı Metropoliteni də hər il uşaqlar üçün yeni il şou proqramı təşkil edir. SİA olaraq şou proqramda iştirak edən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbərinin, uşaqlar və böyüklərin təəssüratlarını öyrəndik.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov: "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq hər il milli bayramlarımızı xüsusi qeyd edir. Sərnişinlər üçün sürprizlər hazırlayır. Bu il də istisna olmayacaq. İki gün ərzində Bakı Metropolitenində yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qızdır. Böyük şou olacaq. Bu şounun məqsədi əsas da azyaşlı sərnişinlərimizi sevindirməkdir. Şou proqrama ancaq Şaxta babanın əyləncəli anları deyil, eyni zamanda sirk ustalarının çıxışı da daxil olub. Bura sehirbazlar, müxtəlif atraksionlar, iri oyuncaqlar aiddir. Tədbir ərzində uşaqlara müxtəlif hədiyyələr və şarlar təqdim olunacaq. Ənənəvi qonağımızdan biri Bəhram Bağırzadədir. Şən, hazırcavab oğlan özünün yazdığı müxtəlif kitabları uşaqlara öz imzası ilə verəcək. Sabahdan konsert proqramına da start veriləcək. Konsertə milli muğam üçlüyümüz və simli kvartetin musiqisi daxil olunub. Proqrama Həmrəylik Günü ilə bağlı musiqi nömrələri ilə yanaşı dünya bəstəkarlarının məşhur əsərləri də daxil edilib. Retro vaqonlar da yanvarın 5-i axşam saat 10-a qədər yerində qalacaq. "Şaxta baba şaxtacan, hardasan bu vaxtacan" adlı sərgimiz də həmin tarixə kimi yerində qalacaq. Yanvarın 6-13 tarixlərində sərnişinlərin daha hərəkətli olduğu zonada sərginin nümayişi davam edəcək"

Azyaşlı Nuray Bayramlı: "Vaqonlar çox gözəldir. Yeni il formalıdır, qar dənəcikləri ilə bəzədilib. Vaqonların hər tərəfi yazılarla bəzənib. Şəkillər çəkdirdim. Yeni il hamı üçün uğurlu keçsin. 2023-cü il mənim üçün çox yaxşı keçdi. Bu il də yaxşı keçsin istəyirəm. Şaxta babadan nəsə istəmirəm, il gözəl keçsin".

Azyaşlı Ağaverdi Mütəllibov: "Tədbir çox maraqlıdır, vaqonlar gözəldir. Çoxlu şəkil çəkdirdim. 2023-cü il əla keçdi, arzulayıram ki, yeni il də gözəl keçsin. Şaxta babadan "notebook" (kompyuter) istəyirəm. Hələki Şaxta baba və Qar qızla şəkil çəkdirməmişəm. Yeni il üçün mənə oyuncaq alıblar".
Azyaşlı Günay Hüseynova: "2023-cü il mənim üçün maraqlı keçdi. Yeni ildə Şaxta babadan telefon istəyirəm. Vaqonlar və sərgi çox gözəldir, gözəl bəzədilib. 2024-cü ildən istəyim odur ki, imtahanımı yaxşı keçim. Mən 9-cu sinifdə oxuyuram. Yeni il ən sevdiyim bayramdır. Hələ ki, bu il şaxta baba və qar qızla şəkil çəkdirməmişəm".
Azyaşlı Aygün Həsənova: "Vaqonlar və sərgi gözəl olub. Keçən ilim çox maraqlı keçdi. 2024-cü ildə imtahanımı yaxşı verməyi arzu edirəm. Şaxta babadan isə telefon istəyirəm".
Şəhər sakini İlahə Haqverdiyeva: "Keçən il çox yaxşı keçdi, əmin-amanlıq və firavanlıq oldu. Əsas torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün böyük sevinc oldu. Yeni ildən də firəvanlıq istəyirəm. Müharibə, itki, təbii fəlakətlər olmasın. Uşaqlarımız sülh içində yaşasın. Bu tədbiri də müsbət qiymətləndirirəm. Hər il metroda belə tədbirlər keçirilir. Uşaqların da sevinci üzlərindən görünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB