"İslam dinindən əvvəl həddindən artıq çoxarvadlılıq olub. Dinimiz isə daha çoxarvadlılığın qarşısını almaq üçün bunu çərçivəyə saldı. Dördə qədər qadınla evlənə bilərsiniz. Bu, bir əmr yox, tövsiyədir. Ayələrin birində qeyd olunub ki, yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxarsınızsa, xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Həm də o qadınların arasında ayrı-seçkilik etməyin, ədalətli olmağa çalışın. Burada şərt qoyulur. Başqa bir ayədə isə deyilir ki, nə qədər çalışsanız da qadınlar arasında ədalətli ola bilməzsiniz, ona görə də biri ilə evlənmək daha məqsədəuyğundur". Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
E.Miri qeyd edir ki, Peyğəmbər, qızı Fatiməylə evli olan Əliyə ikinci dəfə evlənmək istədikdə icazə verməyib: “Peyğəmbərimiz qızı kədərlənməsin, üzülməsin, pis olmasın deyə, kürəkəninin ikinci arvad almaq istəyini qəbul etmir. Peyğəmbər bildirir ki, Əli ikinci dəfə evlənəcəksə, onda Fatimədən boşansın və istədiyi qızla evlənsin. Peyğəmbər öz qızına bunu rəva bilmirsə, digər müsəlmanlar 4 qadınla evlənməyi fəxrlə, iftixarla necə qeyd edə bilərlər?”.
İlahiyyatçı, ayədə qeyd olunan yetim qızlar məsələsinə də aydınlıq gətirib: “Ayənin özündə də maraqlıdır. Yetimliklə bunun əlaqəsi nədir? Məsələn, bəzi adamlar həmin dövrdə də yaxın bir qohumu olanın himayəsində olan qızlarla evlənirdi. Bu qızlara ailələrindən var-dövlət, miras qalırdı. Qohumları düşünürdü ki, başqasına ərə gedəcək, mal-mülk əldən çıxacaq. Ona görə yaxşısı budur ki, özüm alım. Bu səbəbdən belə bir şərt də qoyulur ki, siz yetim qızlara haqsızlıq etməyin başqaları ilə evlənin".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB