"Sosial şəbəkələrdə baş verən etikadan kənar hadisələrin qarşısı mütləq alınmalıdır" - MÜNASİBƏT BİLDİRDİ

"Sosial şəbəkələrdə baş verən etikadan kənar hadisələrin qarşısı mütləq alınmalıdır" - MÜNASİBƏT BİLDİRDİ

"Sosial şəbəkələr bütün dünyanın sosial həyatında önəmli rola malikdir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Ekspert sözlərinə davam edərək deyib: "Bu, yeni trenddir. Biz istəsək də, istəməsək də sosial şəbəkələrdən kənarda qala bilməyəcəyik. Nə qədər etirazlarımızı bildirsək də, effekt verməyəcək. Sosial şəbəkələrdə baş verən etikadan kənar hadisələr, hərəkətlərin qarşısı mütləq alınmalıdır. Bunu inzibati qaydada almaq da çətindir. Baxmayaraq ki, Azərbaycanda inzibati qaydada bu tipli neqativ halların qarşısı alınır. Hansısa tiktoker söyüş söyür, alçaldıcı hərəkətlər edirsə, o, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Onu dəvət edib profilaktik söhbət aparırlar. Çox güman ki, xəbərdarlıq da olunur, cərimə olunanlar, hətta sutkalıq saxlanılanlar da var. Hüquq-mühafizə orqanlarının bu sahəyə nəzarətinin bir qədər də güclənməsini istəyirəm".

Onun sözlərinə görə hər şey insanın özündən asılı olmalıdır. Sosial şəbəkələri bağlamaq, məhdudlaşdırmaq mümkün deyil, ehtiyac da yoxdur. Əksinə, sosial şəbəkələr informasiyaların geniş yayılmasına təkan verir. Ancaq orada yayılan informasiyalar, səsləndirilən fikirlər etik qaydaları pozmamalıdır. Hər insanın daxilində senzura var. O senzura etik qaydalara söykənən senzuradır. Hər bir insan istəsə söyüş söyə bilər, kiminsə evini daşlaya, maşınını əzə, uşağını döyə, etik qaydalara sığmayan hərəkətlər edə bilər. Bu o demək deyil ki, etməlidir. Birinci, qanunla qadağan edilir. İkincisi də, mənəviyyat qanununa görə qadağandır. Üçüncüsü, demokratiyanın tərifində sənin azadlığın mənim azadlığım başlayan yerdə qurtarır. Sosial şəbəkələrdə hər şeyi danışanlar başa düşsünlər ki, onları ziyarət edənlərin azadlığına toxunmuş olurlar. Əlbəttə, deyə bilər ki, məni izləməyin. Əgər insan TikTok-da, Facebook-da, Instagram-da digər yerlərdə nələr baş verdiyinə baxırsa, belə şeylər də istər-istəməz insanların qarşısına çıxır. Söhbət baxmamaqdan getmir, həmin insanlar cəmiyyətə tərbiyəsizlik aşılayır, milli adət-ənənələrimizi, soykökümüzü dağıdır. Bunlar hamısı mədəniyyətin üzərində qurulan məsələlərdir. Ona görə hüquq-mühafizə orqanları nəzarəti gücləndirməlidir. Sosial şəbəkələrdə olan insanlar da daxili senzuralarını işə salmalıdırlar. Senzura da mütləq etik davranış qaydalarına söykənməlidir. Başqa yolu yoxdur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə