Akif Rüstəmov və Elbrus Vahidovla gənclərin görüşü olub - FOTOLAR

Akif Rüstəmov və Elbrus Vahidovla gənclərin görüşü olub - FOTOLAR

Dekabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov və Əməkdar incəsənət xadimi Elbrus Vahidovla gənclərin görüşü keçirilib. SİA xəbər verir ki, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Riad Cəbrayılov 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin keçirildiyini bildirib. Müasir kino sənətimizin inkişafı, ekran əsərlərinin dünya ictimaiyyətinə təbliği, yaradıcı ekosistemin təşkilinin əhəmiyyətindən bəhs edən Riad Cəbrayılov mədəniyyət xadimləri ilə gənclərin “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşləri olduqca unikal və mədəni proseslərdə iştirakçılıq qabiliyyətlərinin artırılmasına xidmət etdiyini bildirib.

Daha sonra kinorejissor Akif Rüstəmov və qrim ustası Elbrus Vahidov geniş təqdimatla çıxış edib. Sənətkarlar Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrindən, milli kino mədəniyyətinin təbliği və inkişafı, müasir film industriyasında mövcud ənənələr, intellektual yanaşma, ssenari və rejissor işindən söhbət açıblar. Tədbir “Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev amili”, “Milli kino sənətimizin inkişafı: çağırışlar, müasir yanaşma və gənclərin rolu” və “Kinomuzun dünəni, bugünü, sabahı” mövzularında panel müzakirə ilə davam edib.

Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb. Görüşün bədii hissəsində yaradıcı gənclərin ifasında müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə