"Bütün sürücülərə bunu şamil etmək düzgün deyil, amma Azərbaycanda sürücülərin bir çox hallarda emosional vəziyyəti çox gərgindirsə, sükan arxasında bunu büruzə verirlər. Sürət həddini aşmaq, lazımsız yerdə siqnal vermək və s. bu göstəricilərə daxildir. Bəziləri hətta deyirlər ki, bununla stress atıram. Amma düşünmürlər ki, qarşıdakı sürücü təcrübəsiz ola bilər. Belə hallar nəzərə alınmalıdır. Sürücülük mədəniyyəti anlayışı var. Bu, insanın təbiətindən də asılıdır. O insan ki cəmiyyətdə, ailədə, işində müəyyən vaxt etika qaydalarına riayət edir, təbii ki, belə insan sükan arxasında da özünü idarə etməyi bacaracaq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aygün Ağabalayeva deyib.
Onun sözlərinə görə, Avropada sürücülər arasında aparılan sorğu nəticəsində sürücülərin 7 psixotipi müəyyən olunub: “Bunlardan biri ekspert psixotipidir. Bu psixotiplər başqa sürücüləri bacarıqsız bilirlər, onları tənqid etməyə çalışırlar, eyni zamanda birbaşa kontaktdan qaçırlar. Müəllim psixotipi isə əmin olmalıdır ki, başqa sürücülər öz səhvlərini başa düşürlər, buna görə də onlara öyrətməlidir. Qalib psixotipi isə mütləq şəkildə bütün sürücüləri ötüb keçmək istəyir. Kimsə ona maneə olursa, bu psixotip qıcıqlanır. Qalib psixotipi kimsə ötürsə, o, belə halda sürəti daha da artırır".
Psixoloq bildirib ki, cəza verən psixotiplər kimsə səhv edəndə hətta fiziki olaraq onu cəzalandırmağa çalışırlar: "Avtomobildən düşür, konflikt yaranır, qarşı tərəfi cəzalandırmağa çalışır. Filosof psixotipi digər sürücülərin səhvlərinə çox sakit yanaşır. Onlara səhvlərini məntiqi baxımdan izah etməyə çalışır. Bu tip sürücülər avtomobil sürərkən hislərini idarə etməyi bacarırlar. Ehtiyatlı psixotiplər digər sürücülərin səhvlərinə qərəzsiz yanaşırlar. Sanki bu sürücülər bütün fövqəladə halların mənbəyi kimi qarşıdakı sürücüləri qəbul edirlər. Qayğısız psixotip isə konfliktli situasiyada fikrini yayındırmaq, tıxacdakı gərginlikdən uzaqlaşmaq üçün musiqiyə qulaq asır. Həmin an mütləq özünə bir məşğuliyyət tapır. Belə halda sükan arxasında yaranan qıcığı özündən uzaqlaşdıra bilir. Özünü idarə edə, emosiyalarını kontrol edə bilməyən insanlar sükan arxasında da özlərini idarə edə bilmirlər. Bəziləri hətta xoşagəlməz hallarda etikadan kənar sözlərdən istifadə edirlər. Siqnalı daha möhkəm basırlar. Təbii ki, bunu hər kəs etmir. Hər sahədə mədəniyyət gözlənildiyi kimi sürücülük mədəniyyətinin də gözlənilməsi vacibdir. Bütün bunlar bir-birinə bağlı məsələlərdir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB