"Qazın yaratdığı təhlükə mina təhlükəsindən qat-qat artıqdır" - EKSPERT BİLDİRDİ
"Dəm qazı ilə bağlı çox addımlar atılmalıdır. Havalar soyuduqca qapı-pəncərə kip bağlanacaq, qazın gündəlik sərfiyyatı artacaq. Təbii qazın yol açdığı fəlakətlər hələ daha çox olacaq. Ona görə ki, özbaşınalıq, qanunsuzluq baş alıb gedir". Bunu SİA-ya açıqlamasında kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyib.
Ekspertin sözlərinə görə, insanlar nəzarətsizlikdən istifadə edib öz bildikləri kimi qaz təsərrüfatının başına oyun açırlar: ""Azəriqaz" nəzarət etmir, qurum rəsmisi ancaq sayğaca qədər təhlükəsizliyə cavab verdiklərini, məsuliyyət daşıdıqlarını bildirir. Minadan daha təhlükəli maddə 2.5 milyon abonentin evinə buraxılır. Bəs bunun təhlükəsizliyinə kim cavab verəcək? Təlimatlandırılmamış, qaz təsərrüfatından məlumatı olmayan xam abonentləri təhlükə ilə üz-üzə qoyurlar. Buna kim cavab verməlidir? Azərbaycanda qaz terroru gedir. İnsanlar zəhərlənir, Yanğınlar, partlayışlar, boğulmalara məruz qalırlar. Elə hadisələr baş verir ki, heç günahı olmayanlar da hansısa qanunsuzluq edən abonentin ucbatından təhlükəyə məruz qalır, mal-mülkü, canı məhv olur. Bu qədər qanunsuzluq, nəzarətsizlikdən, məsuliyyətsizlik olarmı? Hər kəs çalışır ki, məsuliyyəti üz üzərindən abonentlərin üzərinə atsın. Hələ çox partlayışlar da, zəhərlənmələr də, boğulmalar da ola bilər".
N.Qasımov bildirib ki, qazın təhlükəsi mina təhlükəsindən qat-qat artıqdır: "Bir evə lazım olandan 4.5%-dən çox qaz yığılarsa artıq partlayış üzrə zəmin hazırdır. Bu zaman partlayışın həcmi bir kvadrat metrə 400 tondan artıq düşür. Kim gedib əhalini başa salmalıdır ki, küləkli günlərdə dəm qazı tüstü bacası tərəfindən ötürülə bilmir? Külək tüstü borusundan qazı hamamxanaya doldurur. İçəridə olan isə 7 dəqiqədən 30 dəqiqəyə qədər müddətdə həyatını itirir. Hamamxananın qapısında deşiklər olmalıdır, yüksək küləkli havalarda hamamxanalarda olan qızdırıcılar istifadə edilməməlidir, tüstü bacaları 6 aydan bir dəyişdirilməlidir. Səhlənkarlıq, qaz təsərrüfatında rekonstruksiya işləri aparması, naşı ustalara iş gördürülməsi çoxlarının fəlakətinə səbəb olur. Tüstü bacaları damdan yarım metr hündürdə olmalıdır. Hər kəs istədiyi kimi istifadə edir, "Azəriqaz" isə buna nəzarət etmir. Hələ irəlidə bizi çox boğulmalar, zəhərlənmələr, yanğınlar, partlayışlar gözləyir. Nəzarət yoxdur, nəzarət olmayan yerdə də özbaşınalıq baş alıb gedir".
Ekspert sonda qeyd edib ki, zəlzələ olandan sonra qaz xətlərində sızma olub-olmaması yoxlanmalıdır. Evdar qadınlar nə bilir bunu necə yoxlasın? Zəlzələ başlayan kimi dərhal yoxlama başlanmalıdır. Bunu heç kim həyata keçirmədi. Dönərxanalarda maye qaz balonlarından istifadə edirlər. Bu balonların erası çoxdan bitib. Bu balonların ömrü 30 ildir, sovet dağılandan bizdə balon istehsal olunmur. Hər yerdə bu balonlardan istifadə edilir. Heç kim buna nəzarət etmir. 5 ildən bir bu balonlar yoxlamadan keçməlidir. Bunları kim yoxlayıb sertfikat verib ki, istifadə oluna bilər?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB