Qohum evliliyindən yaranan psixoloji problemlər varmı? - AYDINLIQ GƏTİRİLDİ
"Qohum evliliyi və ya qohumluq münasibətləri bioloji və psixoloji xəstəliklərin yaranmasına şərait yaradır. Tibb deyir ki, bunu etmək olmaz. Bəzən insanların həyata mental baxışı elmin təkliflərini qəbul etmir. Qohum evliliyi cəhalətdir. İnsest dediyimiz ailədaxili münasibətlər, pedofiliya və cinsi zorakılıq gələcəkdə travmaların və psixi pozuntuların yaranmasının təməlidir. İnsanın davranışları beyni ilə əlaqədar olduğu üçün bioloji və ya fizioloji xəstəliklər zamanı şəxsin psixoloji pozuntuları yaranmış olacaq". Bu sözləri SİA-ya psixoloq Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə, şəxsiyyətlərarası münasibətlərin normal formalaşması üçün cəmiyyətdə sağlam münasibətlərin qurulması və cinsi münasibətlər haqqında maarifləndirici fəaliyyətlərə ehtiyac var: "Keçmiş dövrlərdə insestin olmasına əsas səbəb mal və mülkün qorunması olub. İnsanlar etibarlılığı riskə almamaq üçün belə addımlar atıblar. Psixoloji yaddaşımızda bu hallar mövcuddur. Müasir dövrdə isə valideynlər övladlarının yad adamlarla deyil, “etibarlı həyat yoldaşları” ilə evlənməsini dəstəkləyirlər”.
Müsahibimiz bildirib ki, qohum evliliyinin müsbət tərəfi mədəni üstünlüyüdür: “Yəni ailə münasibətlərində harmoniyanı gücləndirə bilər. Bu da mentalitet və digər psixoloji diqtələrdən yaranıb. Qohum evliliyinin təhlükələri və zərərləri onun faydalarından daha çoxdur. Qohum evlilikləri bioloji və ya fizioloji xəstəliklər yaratdığı kimi psixoloji sindromların da yaranmasına səbəb olur. Evlilik qərarı məcburiyyət və diqtədən asılı olmamalıdır. İnsanlar, xüsusən gənclər arasında cinsi tərbiyə haqqında müntəzəm maarifləndirmə fəaliyyətləri aparılmalıdır. Gələcək nəslin istər fiziki, istərsə də psixi sağlam olması üçün elmi izahlar verilməlidir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB