Cütlüklər arasında ciddi fərqlər var - FAKTLAR - MÜNASİBƏT BİLDİRİLDİ

Cütlüklər arasında ciddi fərqlər var - FAKTLAR - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu bir həqiqətdir ki, ailələrdə cütlüklər arasında ümumi intellektual səviyyə fərqi varsa, əlbəttə, ailə münasibətlərində problem olur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O, sözlərinə belə davam edib: "İntellektual səviyyə deyəndə buraya insanların dünyagörüşü, mədəni səviyyəsi, təhsil səviyyəsini əlavə etmək olar. Yaxşı olar ki, qızlarımız təhsilli olsunlar. Elə oğlanlarımız da təhsilli olsunlar. Bütövlükdə cəmiyyət təhsilli olsun. Təhsilli cəmiyyətdə ümumi intellektual səviyyə yüksək olur. Ailə quran gənclər arasında da bu fərqlər aradan qalxır. Son illərdə, təəssüf ki, ailə institutunda xoşagələn proseslər davam etmir. Çox sayda ailələr qısa müddətdə dağılır. Belə ailələrdə böyüyən uşaqlar travma ilə böyüyürlər. Araşdırdıqda, görünür ki, cütlüklər arasında ciddi fərqlər var. O fərqlər bütün məqamların hamısını özündə birləşdirir".

İlqar Orucov sözlərinə belə davam edib: "Ailə bir institutdur. Elə ailələr var ki, uğurlu, fədakardır. Orada nə ər, nə də arvad ali təhsilli olub. Uğurlu ailə nümunələri olub ki, cütlüklərdən yalnız biri ali təhsillidir. Gerçəklik var, dünya dəyişir, yad təsirlər bilmədən cəmiyyətimizə daxil olur. Ona görə, biz milli dəyərlərimizi tərbiyə prosesində önə çəkməliyik, uşaqlarımıza, gənclərimizə aşılamalıyıq. Milli dəyərlərimizdə ailə böyük yer tutur. Bəzən müasirləşmək, yad qlobal elementlərin cəmiyyətimizə daxil olması, həm müsbət, həm də mənfi təsirlərlə yadda qalır. Təsirləri düzgün mənimsəmək üçün yad elementləri qəbul etməmək üçün ən yaxşı vasitə təhsildir. Ziyalı olaraq fikrim budur. Bununla bağlı Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə çox yaxşı işləyir, ciddi işlər görür. Əgər təhsilli cəmiyyət qura bilsək, insanlarımızın təhsil alması üçün imkanları genişləndirsək uğurlu ailələr qura bilərik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə