"Verilən qərar həyatın bütün sahələrinin sağlamlaşdırılmasına səbəb olacaq" - ŞƏRH EDİLDİ

"Verilən qərar həyatın bütün sahələrinin sağlamlaşdırılmasına səbəb olacaq" - ŞƏRH EDİLDİ

"Dekabrın 25-də Prezident İlham Əliyev Azərbaycanda 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Bu, çox vacib bir məsələdir. Hər şeydən əvvəl bu, Azərbaycanın həm ölkədaxili, həm də dünyada ekosistemin sağlamlaşdırılması üçün verdiyi böyük bir töhfədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, BMT-nin ən böyük tədbirlərindən biri olan COP29 Azərbaycanda keçiriləcək və nəticədə ölkəmizə onlarla dövlət başçısı, eyni zamanda 70-80 min turist gələcək: "Bu, Azərbaycanın yaşıl enerjiyə nə qədər üstünlük verdiyini bir daha sübut edəcək. Ölkədaxilində də yaşıl enerjinin istehsalına, ağacların, meşələrin sayının artırılmasına, su hövzələrinin təmizliyinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq. Həmçinin, Azərbaycan 2030-cu ilə kimi əsas məqsədlərindən biri də yaşıl enerjinin inkişafı və ekosistemin yaxşılaşdırılması xəttidir. Bu da həyata keçiriləcək və Azərbaycan da beynəlxalq miqyasda həm tullantıların, həm qazın havaya buraxılmasını təxminən 25-30% azaldılması barədə öhdəlik götürüb".

"Hesab edirəm ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin həm Azərbaycan dövləti üçün əhəmiyyətli olacaq, həm də beynəlxalq miqyasda nə qədər humanist bir dövlət olduğunu təsdiqləyəcək. Verilən qərar həyatın bütün sahələrinin sağlamlaşdırılmasına gətirib çıxaracaq",- deyə deputat bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə