Azərbaycan kanallarındakı verilişlərin səviyyəsi hansı yerdədir? - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan kanallarındakı verilişlərin səviyyəsi hansı yerdədir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ayrı-ayrı kanallar haqqında ayrı-ayrı təhlillər aparmaq, fikirlər səsləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkəti yayım şurasının üzvü, sosioloq Azər Həsrət deyib.

O, sözlərinə belə davam edib: "Sualı ümumi şəkildə qoymaq bir qədər çaşqınlığa səbəb ola bilər, daha doğrusu, ona ümumi cavab vermək. Çünki ölkəmizdə fikir plüralizmi, rəngarəngliyi var. Televiziya kanallarının sayı çoxdur. Həm yerüstü efirdə, həm peyk üzərindən yayımlanan, həm kanal televiziyaları, üstəlik də onlayn televiziya kanallarımız çoxdur. Bunların hamısını bir yerə toplayanda, əlbəttə ki, hamısının səviyyəsi haqqında ümumi fikir söyləmək mümkün deyil. Ayrı-ayrı kanallar haqqında ayrı-ayrı təhlillər aparmaq, fikirlər səsləndirmək olar".

Sosioloq sözlərinə belə davam edib:"Ümumilikdə götürdükdə öz ciddiyyəti ilə seçilən kanallarımız da var. Məsələn, bizim İctimai Televiziya, Azərbaycan Dövlət Televiziyasını göstərə bilərik. Elə kanallarımız var ki, onlar sözün həqiqi mənasında mümkün qədər aşağı səviyyəli auditoriyaya işləyir. Təəssüflər olsun ki, bu auditoriyaların sayı da çox genişdir. Düşünürəm ki, ümumi götürəndə yaxşı, normal, ciddi kanallarımız yox deyil, amma aşağı səviyyəli auditoriyaya hesablanmış verilişlər yayımlayan kanallarımız da, təəssüflər olsun ki, az sayılmaz. Bu cəhətdən problemli vəziyyət var".

Necə həll etməli? Birincisi, tamaşaçılar özləri bu səviyyəyə enməməlidirlər. Ciddiyyəti nəzərə almalıdırlar. İkincisi, televiziya kanalları da alternativlər haqqında düşünməlidirlər ki, aşağı səviyyəli verilişlər təqdim etməsinlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə