Uşaqlara hansı adları qoymaq olmaz? - MÜNASİBƏT BİLDİRİLDİ

Uşaqlara hansı adları qoymaq olmaz? - MÜNASİBƏT BİLDİRİLDİ

"Gözəl ad qoymaq valideynin, gözəl ad qazanmaq övladın borcudur: "Hədislərdən birində deyilir ki, valideynin övlad üzərində 3 borcu var; Ona Qurani-kərimi öyrətmək, Peyğəmbər (s) və onun pak əhli-beytini (ə) sevdirmək və ona gözəl ad qoymaq. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və təlimlərinə uyğun olması lazımdır". SİA xəbər verir ki, bu sözləri açıqlamasında ilahiyyatçı İlqar Kamil deyib.

Onun sözlərinə görə, mənası İslam təlimlərinə uyğun olmayan, dinin yasaqladığı bir məna daşıyan adların uşaqlara verilməsi düzgün deyil: "Ad məsələsi o qədər önəmlidir ki, Peyğəmbər (s) yeni müsəlman olanların cahiliyyə dövründəki adlarının arasında mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənləri, misal üçün, müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkabə və ona bənzər adları dəyişdirdi.

Ona görə də, Firon və Qarun kimi zülm və küfür simvolları olan adların da uşalara verilməsi dini baxımdan düzgün deyil".

İ.Kamil bildirir ki, uşaqlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, İslamı qayələrə və insan heysiyyətinə uyğun, xüsusi ilə də qulağa xoş gələn, İslam böyüklərindən xatirə qalan mənası gözəl olan adlardan hər hansı biri ola bilər: "Eyni zamanda, heç duyulmamış, anlamsız ifadələr daşıyan adların uşaqlarımıza ad olaraq verilməsi doğru deyil. İslam təlimlərində adların mistik məna daşıdığı da qeyd olunur. Belə ki, İslami hədislərdə "adlar təsadüfi deyil, səmavidir" kimi mistik təlimlərə də rast gəlmək mümkündür. Yəni, insanın öz adı ilə birbaşa səmavi və İlahi bağlılığı olduğu qeyd olunur. Məsələn, əgər insanın adı Səxavət qoyulursa, deməli, həyatda da o hökmən səxavətli insan olacadır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə