Saç rəngi insan psixologiyasına necə təsir göstərir? - PSİXOLOQ AÇIQLADI
"Qara saç xanımlar küsəyən və həssas olurlar. Belə qadınlar ən kiçik uğursuzluqları belə pis qəbul edir, özlərinə inanmır. Eləcə də qaraşınlar özündən tez çıxır, dalaşır, lakin tezliklə də sakitləşirlər. Onların bir qismi incəsənət, psixologiya ilə maraqlanır. Qaraşınlar məqsədyönlü olur, istədiklərinə nail ola bilirlər". Bu sözləri SİA-ya psixoloq Arzu Qurbanova deyib.
Psixoloq qaraşınların güclü insan olduqlarını da bildirir. "Güclü insan olduqları üçün zəif xarakterli kişiləri də geridə qoyurlar. Səbrli, məqsədyönlü qaraşınlar işgüzarlığı ilə seçilirlər. Belə xanımlar qırmızı və qara rəngləri sevirlər. Lakin bu xanımlar güclü olduqlarından çox vaxt kişilər onlardan uzaq qaçırlar. Bu səbəbdən də qara saç xanımlar gec ailə həyatı qururlar. Belə xanımlar əsasən sarışın və ya şabalıdı saç rənginə sahib olan kişilərlə daha yaxşı yola gedə bilərlər".
A.Qurbanova qeyd edib ki, təbii sarışınların sayı getdikcə azalır: "Sarışın qadınlar mehriban və soyuqqanlı olur, hislərini cilovlaya bilirlər. Sarışınlar ətrafdakı adamlarda sadəlövh təəssürat yaratsalar da, əslində öz xeyrini güdən olurlar. Onlar çətin kiməsə inanır. Sirləri ilə tam bölüşə bilmirlər. Nisbətən saçları tünd olan sarışın xanımlar isə həmişə seçilməyə can atırlar. Onlar qarşısına qoyduqları məqsədə çatmaq üçün çox səy göstərirlər".
Kürən saçlı xanımların zahirən sarışınları xatırlatdığını bildirən A.Qurbanova nəzərə çatdırır ki, onlar sarışınlardan emossionallığı ilə seçilirlər: "Belə xanımlar özündən tez çıxır, kiminsə tərəfindən idarə olunmağı sevmirlər. Həmin qadınlara kimsə yaxşılıq etsə belə, özlərini həmin adama borclu hiss etmir, eqoist olurlar. Digərlərinin fikri onları maraqlandırmır. İstədikləri kimi yaşayırlar. Onları ilk növbədə öz fikirləri, narahat edir, sonra digərlərini düşünürlər".
Psixoloqun dediyinə görə, şabalıdı saçları olanlar sakit və ağıllı olur. "Emossiyalarını idarə də edə bilirlər. Onlar ünsiyyətcil olur, yeni insanlarla tanış olmağı xoşlayırlar. Belə qadınlar söhbət üçün asanlıqla mövzu tapırlar. İstənilən yığıncaqda, kollektivdə, yeni mühitdə özlərini rahat hiss edirlər. Lakin belə adamlarla həyat maraqsız görünə bilər. Onlar biliklərini artırmağa can atır, səyahət etməyi sevirlər. Qəhvəyi saç sahibləri zəhmətkeş olduğundan çətin işlərin belə öhdəsindən gələ bilirlər. Şabalıdı saçları olanlar öz sağlamlığının və xarici görünüşünün qeydinə də qalırlar. Tünd dərisi olan belə xanımlar təmkinli, ağ dərsi olanlar isə həssas olurlar".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə