Hansı ailələr dağılmağa məhkumdur? - BƏLLİ OLDU - SOSİOLOQ FİKRİ

Hansı ailələr dağılmağa məhkumdur? - BƏLLİ OLDU - SOSİOLOQ FİKRİ

“Bu gün cəmiyyətin ailə institutunda məzmun və struktur dəyişmələri baş verməkdədir. Bu da cəmiyyətlərin dialoqu ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycan uzun müddət sovetlər sistemində mövcud olmuşdur. Sovetlər sistemi qapalı, Azərbaycan cəmiyyəti də ənənəvi bir cəmiyyət idi. Ənənəvi cəmiyyətlərdə əsasən ənənələr əsasında mövcud olur. Belə bir cəmiyyətdə Azərbaycan cəmiyyətinin xüsusi özəllikləri var idi, ailə institutu da özünəməxsus idi”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Üzeyir Şəfiyev sözlərinə belə davam edib: “Azərbaycan ailəsi həmişə dayanıqlı və çox möhkəm ailə olub. Ancaq qloballaşma şəraitində təkcə fiziki sərhədlər deyil, həm də mənəvi sərhədlər açıldı. İnsanlar müxtəlif cəmiyyətlərlə əlaqəyə, dialoqa girdi. Müxtəlif seriallar, filmlər vasitəsilə cəmiyyətin bütün institutlarına, həmçinin ailə institutuna da kənardan təsirlər olur. Beləliklə də, ailə institutunda müxtəlif dəyişikliklər baş verdi. Həm də qadınların cəmiyyətdə statusu dəyişməyə başladı. Əgər əvvəllər qadınlar iqtisadi fəal deyildilərsə, daha çox iqtisadi asılılığa görə ailədə dözümlülük, tolerantlıq nümayiş etdirirdilərsə, artıq qadınlar iqtisadi fəal qüvvəyə çevriliblər.

İndi qadınların məşğulluğu təmin olunur, qadınlar əvvəlki qaydalarla yaşamaq istəmir, əvvəlki qaydalarla məişətdə, ailə daxilində dözümsüzlük nümayiş etdirir. Daha müstəqil, daha sərbəst olmaq istəyirlər. Əvvəlki kimi kişilərin kaprizlərinə, yaratdığı çətinliklərə, ailənin ümumi çətinliklərinə dözmək istəmirlər. Bütövlükdə ailə ilə bağlı düşüncələr dəyişib. Bu düşüncələrin dəyişməsinə kənardan gələn seriallar, filmlər, eyni zamanda kanallarda ailə dəyərlərini dağıdan xarici düşüncələri təşkil edən verilişlər var. Bu verilişlər Azərbaycanda ailə dayanıqlılığına mənfi təsir göstərir.

Bununla yanaşı ailələrin dağılmasında əsas faktorlardan biri də budur ki, ailələr bəzən hesabla qurulur. Hesabla qurulan ailələr bilirsiniz ki, bir müddət keçəndən sonra xəyal qırıqlığı yaşayırlar. İstədiklərinə nail olmayanda, xəyalları suya düşəndən sonra boşanmağa qərar verirlər. Ona görə də, ailənin daha dayanıqlı, sabit, mehriban olması üçün sevgi, tərbiyə əsaslı olmalıdır".

Sosisoloq bildirib ki, əvvəllər Azərbaycan ailəsi mürəkkəb idi: "Yeni qurulmuş ailələr nənə və baba ilə yaşayırdı. Bu da bəzən ailənin böhranlı anlarında böyüklər pozitiv, humanist müdaxilə edirdilər, tənzimləyə bilirdilər. İndi ailələr tək yaşayırlar. Bəzən də 3-5 ildən sonra ailə böhranları yaşanır. Ailə böhranları olduğu üçün də, buna tab gətirə bilmirlər. Beləliklə, ailə pozulur. Çox yaxşı olar ki, ailə böhran mərkəzlərinin sayı çoxalsın. Ailələrlə işləyən psixoloqlar, sosial işçilər bu işlərə cəlb olunsunlar. Yaxşı olar ki, münaqişəli ailələrin təkcə paytaxtda yox, regionlarda da qeydiyyatı aparılsın. Müvafiq icra strukturları tərəfindən münaqişəli ailələrlə ailə böhran mərkəzləri iş aparsın, ailə qadın komitəsinin regionlarda özəkləri yaradılsın. Eyni zamanda orta və ali məktəblərdə ailə dərsləri keçirilsin. Bu ailə dərslərində gənclər ailə həyatına, ailənin çətinliyinə, böhranlı şəraitinə hazırlansınlar, ailə dəyərləri haqqında məlumatlandırılsınlar. Yaxşı olar ki, televizorda bir neçə nəsil örnək ailələr var ki, onlarla bağlı verilişlər verilsin. Həmin ailələr böhranlardan necə keçiblər, həyat hekayələrini danışsınlar. Hesab edirəm ki, bunlar faydalı olar.

Biz boşanmaların statistikasını təhlil edəndə görürük ki, xəyanət əsaslı boşanmaların sayı xeyli çoxalıb. Bu da, şübhəsiz, son illərdə sosial şəbəkələrin istifadəsindən sonra özünü büruzə verib. Bir tərəfdən sosial şəbəkələr bu işi artırır, digər tərəfdən də xəyanətin aşkarlanmasında rolu var. Bu baxımdan, yaxşı olar ki, ailələr bir-birlərinə sabitqədəm olsunlar. Bəzən bilmədən emosiyalara qapılaraq xəyanət edirlər. Cütlüklər yaxşı fikirləşsinlər, çünki boşanmış ailələr sonradan peşman olurlar. Əfsuslar olsun ki, sonrakı peşmançılığın faydası olmur. Ailələr övladlarını tərbiyə edərkən düzgün məlumatlandırmalıdırlar. Ailə quran cütlüklər qan testi ilə yanaşı, həm də psixoloji müayinədən keçirilsin. Çünki ailədaxili münaqişələr göstərir ki, bəzən cütlüklərdən biri və ya hər ikisi psixoloji cəhətdən ailə qurmağa uyğun deyil. Psixoloji yardım haqqında qanundan çıxış edərək psixoloji testdən keçirilsinlər. Bu da hesab edirəm ki, ailə dayanıqlılığına yaxşı təsir göstərə bilər.

Digər tərəfdən gənc ailələrə sosial-iqtisadi dəstək paketləri müəyyənləşdirilsin. Boşanmaların bir qismi də çətinliklərdən doğan problemlərdir. Bəzən gənc ailələr mənzil ala bilmir, kirayələrdə gün keçirirlər. Bu da konfliktlər yaradır, uçurumu daha da dərinləşdirir. Bununla bağlı gənc ailələrə sosial dəstək tədbirləri, mənzil şəraitinin yaxşılaşdırılması, regionlarda pay torpaqlarının ayrılması olsa, daha yaxşı olar. Bundan başqa da ipoteka şərtləri yumşala və daha böyük kateqoriyaları əhatə edə bilər. Çox yaxşı olar ki, bu kateqoriyaların siyahısı daha da genişləndirilsin və bütün gənc ailələr üçün əlçatan olsun.

Təəssüflər olsun ki, biz hələ boşanmaları müşahidə edəcəyik. Təsir göstərən faktorlar çoxdur. Kənar təsirlər var, gənclərin düşüncəsində dəyişmələr var. Bunlarla bağlı kompleks tədbirlər görülməlidir. Bu tədbirlər ailənin sabitliyinə yönəlməlidir. Ştat vahidlərinə ehtiyac var ki, ailələrlə işləyən psixoloqlar olmalıdır. Həm də böyüklərin pozitiv və humanist yanaşmasını bərpa etmək lazımdır. Azərbaycanın çox gözəl ağsaqqal və ağbirçək arxetipləri var. Bunlar da ailə dayanıqlılığına töhfə verə bilər. Biz çalışmalıyıq ki, yenə də ailələr təsadüfi əsaslarla qurulmasın. Ailə həm cəmiyyətin, həm də dövlətin qayğısı ilə əhatə olunsun. Sosial dəstək layihələrinin olmasına ehtiyac var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə