"Yanğınların baş verməsi təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır" - EKSPERT XƏBƏRDARLIQ ETDİ
"Yanğın hadisələrinin baş verməsi bilavasitə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlıdır. İstər yaşayış binalarında, istərsə də ictimai iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır". Bunu SİA-ya açıqlamasında yanğın təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib.
Ekspertin sözlərinə görə, yanğın hadisələrinin baş verməsinin qarşısını alan əsas addım önləyici tədbirlərin görülməsidir: "Obyekt yaxud yaşayış binası mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. Yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin olunmalıdır, həmin şəxs səriştəli, yanğın təhlükəsizliyi üzrə təlim keçmiş olmalıdır ki, yanğın zamanı hansı addımlar atmaq lazım olduğunu bilsin. Bir çox obyektlərdə fövqaladə hallar zamanı insanların təhlükəsiz köçürülməsi üçün təxliyə olanları mövcud deyil. Bu tip obyektlərdə yanğın baş verərsə maddi ziyandan başqa insan sağlamlığı üçün ciddi təhlükə yaranır. Çünki insanlar hansı qaydada təxliyə olunmaq lazımdır, hansı istiqamətdə hərəkət etmək lazımdır bunları bilmədikləri halda yanğın zamanı düzgün qərar qəbul etməyəcəklər və bununla da bağlı çox ciddi xəsarət ala bilərlər. Yanğın təhlükəsizliyi tələblərinə görə fövqəladə hallar zamanı insanların təhlükəsiz şəkildə köçürülməsi üçün təxliyə olanları hazırlanmalı və hər kəsin görə biləcəyi bir yerdən asılmalıdır. Təbii ki, ictimai iaşə obyektlərinə şamil olunur. İnsanlar obyektə daxil olduqda mütləq təxliyə olanları ilə tanış olmalıdırlar ki, hansısa yanğın hadisəsi baş verərsə hansı istiqamətə doğru hərəkət etməli olduqlarını bilsinlər".
O.Musayev bildirib ki, obyektlərdə və yaşayış binalarında ilkin yanğınsöndürmə vasitələri, yəni yanğınsöndürən balonlar olmalıdır: "Bu balonlar obyektin təyinatına uyğun seçilməlidir. Tələblərə uyğun olaraq hər ərazi həcminə uyğun say var ki, obyekt o sayda yanğınsöndürən balonla təchiz edilməlidir. Bəzən balonlar olmadığına görə yanğın baş verdikdə çevik müdaxilə etmək olmur və yanğın daha da şiddətlənir. Əsas məqsəd yanğının baş verməsinin qarşını almaq olmalıdır. İlkin mərhələdə yanğının qarşısı alındıqda yanğın şiddətlənmir və daha da ağırlaşmır".
Ekspert sonda qeyd edib ki, binalarda və obyektlərdə elektrik naqillərində olan nasazlıqlara görə baş verən yanğın hadisələri xüsusi yer tutur: "Bununla bağlı da tələblər var ki, obyektlərdə elektrik naqilləri ildə bir dəfədən az olmayaraq lisenziyalaşmış təşkilat tərəfindən sınaqdan keçirilməlidir. Aparılan sınaq işləri sınaq işləri mütləq xüsusi protokollarla aktlaşdırılmalıdır. Yanğın hadisələrinin vaxtında aşkar edilməsi üçün də obyektlərds və yaşayış binalarında xəbərdaredici qurğular quraşdırılmalıdır. Bu qurğular da daim saz vəziyyətdə saxlanmalıdır ki, yanğın baş verdikdə operativ müdaxilə etmək mümkün olsun. Təbii ki, bir çox obyektlərdə, istərsə də yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına biganə münasibət göstərilir, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmur. Bu da öz növbəsində gec vəya tez yanğın hadisələrinin baş verməsinin qaçınılmaz edir. Yanğın baş verdikdə onun zərərlərinin qarşısını almaq daha çətindir, nəinki öncədən tədbirlər görmək. Bir sözlə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə və təbliğat işləri aparılmalıdır, insanlar hər biri yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməli və yanğın baş verməsin deyə önləyici tədbirlər görülməlidir. Bu tədbirlər görülmədiyi üçün yanğın hadisələrinin baş verməsi qaçılmaz olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB