Artıq 2024-cü ilə sayılı günlər qalıb. Bayram hazırlığına yeni il alış-verişi də daxildir. İnsanlar yeni il üçün hansı hazırlıqları görüblər, yeni il hədiyyələrinin qiymətlərindən razıdırlar? Uşaqlara hədiyyə seçərkən nələrə diqqət etməlidirlər? SİA bu kimi suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Məlahət Bayramova: “Hələ yeni il hədiyyəsi almamışam. Amma eşitdiyimə görə, çox bahadır və keyfiyyətsizdir. Yeni il hədiyyələrini uşaqlarımız üçün alırıq, gərək keyfiyyətli olsun, çünki onları zəhərləyə bilərik. Deyilənə görə, keyfiyyətsiz hazırlayırlar. Dükanlara daxil olanda görürük ki, keyfiyyətsizdir. Vaxtı ötmüş məhsulları yığırlar qutuya, qapalı olduğu üçün baxa bilmirik. Alırıq, sonra görürük ki, köhnədir. Kimsə birinə hədiyyə verəndə bilmədən alıb aparır, köhnə çıxanda utanır. Təkcə yeni il hədiyyələrindən söhbət getmir. Qapalı olan bir çox şeylərin içərisində köhnə məhsulla rastlaşa bilirik. Özümüz də bu şeylərə diqqət etməliyik. Kollektiv şəkildə buna qarşı mübarizə aparmalıyıq. Tələb etməliyik ki, açsınlar tarixinə baxaq. Bütün hallarda insanda da insaf olmalıdır ki, hədiyyələr körpə uşaqlar üçün alınır. İndidən onları zəhərləməyək”.

Şəhər sakini Aysel Zahidova: “Bizim evdə kiçik uşaq yoxdur, ona görə qiymətlərə çox da fikir verməmişəm. Yeni il hədiyyəsi də qəbul edərkən, onun ucuz, bahalı olmasının əhəmiyyəti yoxdur. Yeni il alış-verişi etmişəm. "Trendyol"dan sevgilimə köynək almışam. Bir yerdə seçdik, bəyəndi. Uşaq da olsa, böyük də olsa fikrini soruşub almağa üstünlük verirəm. Qarşı tərəfə alınacağı üçün onun fikri önəmlidir”.

Şəhər sakini Orxan İbrahimov: “Yeni il qiymətlərindən razıyam. Amma yeni ili Azərbaycanda olmayacam. Evdəkilər üçün yeni il hədiyyəsi hələ almamışam, alacam. Hədiyyə seçərkən dəyərli əşyalara önəm verirəm. Mənə hədiyyə verilərkən isə qiymətinin fərqi olmur”.

Şəhər sakini Gülşən Ağamova: “Qiymətlərdən razı deyiləm, bahadır. Uşaqlara hədiyyə seçərkən daha çox keyfiyyətə fikir verirəm. Ucuz və baha fərq etmir, əsas keyfiyyəti yaxşı olsun. Vaxtı keçmiş məhsullara da rast gəlirəm, diqqət edirəm. Mənə hədiyyə verilərkən bahalı, ucuz olmasının önəmi yoxdur, önəmli olan xatırlanmaqdır. Birinə hədiyyə alarkən, böyük olmasına fikir verirəm”.
Şəhər sakini Fatma Əhmədova: “Qiymətlər hamının büdcəsinə görədir. Həm ucuz, həm də bahalıdır. Amma mən keyfiyyətə fikir verirəm. Uşaqlara da hədiyyə alarkən bitmə vaxtına diqqət edirəm. Yeni il alış-verişi etmişik. Hədiyyə seçərkən gözəlliyinə, qutusunun yaraşığına fikir verirəm”.

Şəhər sakini Kamil Haqverdiyev: “Yeni il hədiyyələrinin qiymətlərindən razı deyiləm, bahadır. Uşaqlara hədiyyə seçərkən də keyfiyyətə fikir verirəm. Hələ vaxt var, bayram alış-verişi etməmişəm. Dekabrın 25-26-sı edəcəm. Uşaqlar şirniyyat, böyüklər paltar, telefon istəyirlər”.
Şəhər sakini Dilbər Padarova: “Mən qiymətlərdən razı deyiləm, bahadır. İşləyirəm, 300 manat maaş alıram. Maaşım artmır, hər şey də bahadır. Yeni il alış-verişi etmək üçün pul lazımdır. Pul olmadığı üçün də heç nə almamışıq. Nəsə almalı olsam, nəvəm üçün saat alaram. Çünki qol saatı istəyirdi. Hələ onu ala bilməmişəm. Uşaqlar üçün hədiyyə alarkən onların istədiyi şeyləri almaq lazımdır. Oyuncaqlar, geyimlər, şirniyyatlar belə hədiyyələrə aiddir”.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB