Evdə təhlükəsizliyi necə təmin etməli? - EKSPERT AÇIQLADI

Evdə təhlükəsizliyi necə təmin etməli? - EKSPERT AÇIQLADI

“Ümumiyyətlə, evlərdə, iş yerlərində səfərlərə gedərkən, istirahət yerlərində və sairə, təhlükəsizlik məsələləri ön planda olmalıdır. Yəni, iş görəndə getdiyin yerdə təhlükə risklərini minimuma endirmək lazımdır. Söhbət insanları gözləyən potensial təhlükədən gedir. Evlərdə bütün təhlükə risklərinə qarşı ilkin məlumat olmalı, önləyici, profilaktik tədbirləri almalı və bunu təşkil etməlidirlər". Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, evdə qaz, su, işıq təchizatı varsa, onların təhlükəsiz istismarı lazımdır: "Evin eyvanı varsa, hündürmərtəbəli binada yerləşirsə, demək ki, burada yıxılma təhlükəsi var. Evdə saxlanılan əşyalar, əşyaların dağılma təhlükəsi var, nəticədə isə kimsə xəsarət ala bilər. Həmçinin dərman vasitələri varsa, zəhərlənmə riski var. Evdə kimyəvi tərkibli yuyucu məhsulların hər birinin təhlükə riski var. Yəni diqqət edəndə görürük ki, yaşadığımız yerdə nə qədər çox təhlükə riski var və bunların hər birinə qarşı qabaqlayıcı tədbirlər olmalıdır ki, bədbəxt hadisə baş verməsin, kimsənin həyatına, sağlamlığına təhlükə olmasın. Bu məsələlər ciddiyə alınmazsa, ani diqqətsizlik, məsuliyyətsizlik əlbəttə ki, bədbəxt hadisəni qaçılmaz edir".

Ekspert təhlükəsizliklə bağlı bir sıra tövsiyələrini də bildirib: “Evə daxil olarkən elektrik cihazlarını işə salmazdan əvvəl evdə qaz qoxusunun olub-olmamasına mütləq diqqət etmək, daha sonra işığı yandırmaq lazımdır. Ümumiyyətlə, yaxşı olardı ki, evə daxil olarkən ilk öncə evin havası dəyişilsin.

Xüsusən də evdən çıxarkən qaz təchizatına ciddi diqqət etməli, onu söndürüb çıxmaq lazımdır. Əgər qaz kustar üsulu ilə çəkilibsə, bu hər zaman təhlükə riskinin olması deməkdir.

Diqqət edəndə görürük ki, evlərdə, ofislərdə baş verən yanğınlar əsasən elektrik təchizatındakı nasazlıqla bağlı olur. Elektrik təchizatları daim saz vəziyyətdə olmalıdır. Ola bilər ki, ev yeni alınanda və yaxud təmir olunanda elektrik təchizatına diqqət edilməyib və ya zədələnib, elektrik naqilinin gücü düzgün hesablanmayıb, əlavə qurğular quraşdırılıb ki, bu da naqildə yüklənməyə, qısaqapanmaya, yanğına səbəb olur. Ona görə də bu cür risklər əvvəldən gözə alınmalıdır. Təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Çünki hər şeydən qiymətli insanların sağlam həyatıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə