Sakinlər 2024-cü ildən nə gözləyir? - SORĞU

Sakinlər 2024-cü ildən nə gözləyir? - SORĞU

Artıq 2024-cü ilə sayılı günlər qalıb. Vətəndaşların yeni ildən gözləntiləri nələrdir, 2023-cü ildə hansı arzularına çatdılar, 2024-cü ildən nə gözləyirlər? SİA bu mövzuda şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Aysun Yusifova: “Tələbəyəm. İmtahanları kəsrsiz bitirmək istəyirəm. 2023-cü ildə, demək olar ki, bütün arzularımı reallaşdırdım. Universitetə girmək, yaxşı oxumaq istəyirdim, istədiyim kimi oldu. Yeni ildə isə kəsrsiz oxumaq istəyirəm və xaricə getmək planlarım var”.

Şəhər sakini Hədiyyə Cəlilova: “Yeni ildən gözləntim odur ki, hamı şən, xoşbəxt yaşasın, müharibə olmasın, şəhid xəbəri eşitməyək. Gözəl yaşayaq, xəstəliklər bizdən uzaq olsun, hamının arzuları yerinə yetsin. İnsanların həyatı gözəlləşsin. 2023-cü ildə ev almalı idim, çox şükür aldım. Gələn ildən Allah övladlarımı evləndirməyi nəsib etsin. Bütün analara nəsib etsin ki, övladlarının toyunu görsünlər”.

Şəhər sakini Sevil Fətiyeva: “İnşallah salamat olaq, bayramı xoş keçirək. Uşaqlarımız çox sevinər. Sevgi Oruclu: “Mən şaxta babadan don istəyirəm. 2023-cü ildə məktəbə getdim. İndi məktəbdə bayram şənliyi olacaq”.

Şəhər sakini Mehriban Qəniyeva: “İstəyirəm ki, yeni il hamıya xoş keçsin. 2023-cü ildə arzum telefon almaq idi, reallaşdı. Yeni ildə isə 6-cı sinifi yaxşı qiymətlərlə bitirmək istəyirəm”.

Şəhər sakini Elnurə Eldarova: “Mən magistratura tələbəsiyəm. Yeni ildən gözləntim odur ki, iş tapım, özümə xoşbəxt həyat arzulayıram. Ötən ildən arzum magistraturaya qəbul olmaq idi. Bu il də iş istəyirəm”.

Şəhər sakini Aytac Məmmədli: “35 yaşım var, iki uşaq anasıyam. Bolluq, bərəkət, şans, uğur arzulayıram. Bu arada, mən oğlaq bürcüyəm. Oğlaq bürcü üçün 2024-cü il möhtəşəm olacaq. İlim də əjdaha ili olduğu üçün iki qat sevincliyəm. Çünki bizim ilimizdir. 2023-cü ildə 99% arzumu reallaşdırdım. Keçən il arzu cədvəlinə arzularımı yazmışdım. İstədiyim ölkələrə səyahət etdim, istədiyim işə qəbul oldum. Olmuş kimi yazmışdım, 21 gün niyyət etdim, gözümdə canlandırdım. 1%-i qalıb. Yəqin ki, 2024-cü ildə həyata keçəcək. Həm də yeni ildə işimdə yüksəliş, arzuladığım başqa ölkələrə səyahət və yeni ev arzusundayam. Fərəc Məmmədli: “Şaxta babadan hədiyyə istəyirəm. Mənə çoxlu şirniyyat, oyuncaqlar gətirsin. 2024-cü ildən ən çox istədiyim şey anamdır. Anam üçün də hədiyyələr istəyirəm”.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə