Hərraca çıxarılan tariximiz - TARİXÇİ OD PÜSKÜRDÜ - AÇIQLAMA

Hərraca çıxarılan tariximiz - TARİXÇİ OD PÜSKÜRDÜ - AÇIQLAMA

Facebook sosial şəbəkəsində tarixi əşyaların hərracını həyata keçirən səhifələr mövcuddur. Bu səhifələrdə tarixi abidələrin satışının həyata keçirildiyini görürük.

SİA mövzu ilə bağlı tarixçi Zaur Əliyevin fikrini alıb.

Onun sözlərinə görə yalnız tarixi əşyalar deyil, sovet dövründə kitabxanalarda mövcud olan nadir kitablar, əsərlər, şəkillər hərracla satışa çıxarılır: “SSRİ dövründə, AXC dövründə məxfi saxlanılan sənədlər sovet hökuməti dağılandan sonra kimlərsə tərəfindən götürüldü və indi satışa çıxarılır. Bundan başqa Azərbaycanda qədim xalçalar, əşyalar, tapıntılar hansı yollarla kimlərin əlinə keçir biz onu tapa bilmirik. Mən dəfələrlə yazaraq bu səhifələrə etiraz edirəm, hər yerdən məni əngəlləyirlər. Ölkədə mədəni dəyərlərin, tarixi abidələrin, tarixi əşyaların qorunmasına Mədəniyyət Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ciddi fikir verməlidir. Azərbaycanda Şah Abbas dövrünə aid tapılan qədim pul vahidinə auksionda 5 mindən 15 minə qədər qiymət qoyulub. Bu Azərbaycandan tapılıb. Bəs bunu kim tapıb? Muzeydənmi oğurlanıb, yoxsa hansısa qızıl axtaranlarmı tapıb ortaya çıxarıb. İstərdim ki, Azərbaycan respublikasında buna ciddi nəzarət olsun. Hər rayon ərazisində qızıl axtaran qruplar var. Bu qruplar qədim abidələrin altını qazırlar, çıxarırlar və sonradan o əşyalar dövlətə, muzeylərə təhvil verilmədən satışa çıxarılır”.

Tarixçinin sözlərinə görə eyni zamanda xəritələr, sənədlər, xalçalar, qəpik pullar ausiona çıxarılır: “Azərbaycanda bir nüsxə olan, H.Z.Tağıyev tərəfindən gətirilən kitab auksionda 20 minə satıldı. Bunları kimlər gətirir? Hansı yollarla çıxarılır? Hansı güclər bunu idarə edir? Biz bunları tapa bilmirik. Mən neçə ildir buna nəzarət edirəm və məlumat toplayıram. Azərbaycanın özündə satışa çıxması bir yana, Avropada, ABŞ-də muzeylər bizim əşyaları aparırlar. Azərbaycana aid qədim bir xalça 600 min manata alınıb Mazandaranda erməni xalçası kimi sərgilənir. Bu xalçanı hansı yolla buradan çıxarıblar? Naxçıvanda Ordubadda, Culfada qədim qəbirstanlıqlardan çıxarılan xaçlar Ermənistan muzeylərində erməni xaçları kimi nümayiş etdirilir. Ordubadda yunan qəbirstanlığı var, oranın daşları Yunanıstanda sərgilənir”.

Z.Əliyev bildirib ki, Azərbaycan respublikasının qanunvericiliyinə görə 100 ildən çox yaşı olan abidə Azərbaycanın millin sərvəti sayılır: “Yüz illərlə yaşı olan abidələr xaricə daşınır. Bu abidələrə pasport necə verilir? Gömrük ilk olaraq pasportlaşmaya baxır. Heç bir əşyanın pasportu olmadan buraxıla bilməz. Bəs onlar bu pasportlaşmanı necə həyata keçirirlər? Ümumiyyətlə diplomatik toxunulmazlığı olan şəxslərin baqajları yoxlanılırmı? Bunların hər birinə nəzarət edilməlidir, amma edilmir”.

Müsahibimiz deyib ki, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Bərpası şöbəsi var, digər xüsusi şöbələr bu mövzuya diqqət etməlidir: “Onlar abidələrə pasport verirlər, hər bir abidənin pasportu olmalıdır. Azərbaycanda tapılan və xaricə satılan abidələrin heç birinin üzərində pasportlaşma yoxdur. Bunu hansı qurum keçirib? Abidə ölkədən çıxarılanda gömrükdən keçirilməlidir. Bizim gömrükçülərin anlayışı varmı ki, aparılan daşın əhəmiyyəti nədir? Elə bilirlər adi daş parçasıdır. Dünyada cəmi 2 yerdə olan qara qızıl Azərbaycanda bir də Afrikada var. Həmin qara qızılı internet saytlarının birində 500 min manata satışa qoyublar. Azərbaycanda Dövlət Gömrük Komitəsinin əməkdaşlarına təlimlər keçirilməlidir ki, Azərbaycan abidələri nədir. Adi bir səhəngin aparılması zamanı belə onun yaşının neçə il olmasını bilməlidirlər. Pasportu, sənədi olmayan heç bir abidənin çıxarılmasına icazə verilməməlidir”.

Z.Əliyev sonda qeyd edib ki, Azərbaycanda arxeolojik qazıntıların aparılması Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətindədir: “Məsələ budur ki, bu arxeoloji qazıntılarda qədim abidələr, tapıntılar çıxarılmırsa ümumiyyətlə bu araşdırmalar nəyə lazımdır? Yaxud dövlət tərəfindən tapılan əşyalara nəzarət olunurmu? İcra hakimiyyətlərində ciddi yoxlamalar aparmaq lazımdır. Bəzi icra hakimiyyətləri arxeoloji qazıntıların aparılmasına çox təsir edir. Onlar regionda araşdırmalar aparmalı və gizli qızıl axtaranların qarşısını almalıdırlar. Mütləq şəkildə abidələrin pasportlaşması həyata keçirilməlidir, icra hakimiyyətlərinə müvafiq tapşırıq verilməlidir ki, arxeoloji qazıntılara müdaxilə etməsinlər, həmin qazıntılar aparılan yerdə də mütləq şəkildə DTX-nin əməkdaşları olmalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə