İqtisadi zorakılığa qarşı hansı tədbirlər görülməlidir? - AYDINLIQ GƏTİRİLDİ

İqtisadi zorakılığa qarşı hansı tədbirlər görülməlidir? - AYDINLIQ GƏTİRİLDİ

“İqtisadi zorakılıq, müəyyən bir hərəkəti etməyə məcbur və ya təzyiq etmə formalarından biridir. Bu halda bir tərəfin digər tərəfə iqtisadi güc balanssızlığından istifadə edərək istəklərini həyata keçirməsi də başa düşülə bilər”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, ailədaxili iqtisadi zorakılıq isə bir şəxs və ya fərdlər tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək ailənin digər üzvlərinə qarşı iqtisadi təzyiqlər tətbiq etməsidir: “Bu halda şəxs ailə üzvlərini onların razılığı olmadan iqtisadi cəhətdən istismar edə və ya idarə edə bilər.

Məsələn, valideynin övladlarına təzyiq göstərərək onları istəmədiyi bir işə məcbur etməsi və ya onlardan qazandığı pulu götürməsi iqtisadi məcburiyyət nümunələri ola bilər. Eynilə, ailə üzvlərinin maddi imkanlarından sui-istifadə edərək başqalarını manipulyasiya etməsi və ya onları iqtisadi cəhətdən idarə etməyə çalışması iqtisadi məcburiyyət nümunəsidir.

Bu cür zorakılığın tez-tez emosional və psixoloji təsirləri olur və qurbanların özlərini müdafiə etməsi çətin ola bilər, çünki ailə münasibətlərindəki emosional bağlar çox vaxt belə halların üzə çıxmasına mane ola bilər”.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Ər-arvad arasında iqtisadi zorakılıq, onlardan birinin digərinə qarşı maddi təzyiq və ya iqtisadi zorakılıq göstərməsidir. Bu zaman həyat yoldaşlarından biri digərinin maliyyə imkanlarına nəzarət etməyə cəhd edə bilər, onları istəmədiyi şəkildə xərcləməyə məcbur edə və ya maddi müstəqilliyini əlindən ala bilər.

Məsələn, həyat yoldaşlarından biri digər həyat yoldaşını maddi hədə-qorxu ilə təhdid edərək ailə xərcləri ilə bağlı digər həyat yoldaşına təzyiq göstərə bilər və ya qarşı tərəfin gəlirini ələ keçirərək digər həyat yoldaşının iqtisadi azadlığını məhdudlaşdıra bilər.

İqtisadi zorakılığın bu növü münasibətlərdə güc balansının pozulmasına əsaslanır və qurbanı olan tərəfdaşın özünü qorumaq və vəziyyətdən çıxması çox vaxt çətin olur. İqtisadi zorakılıq psixoloji və emosional təsirləri ilə yanaşı, münasibətlərdəki inam və tarazlığa da ciddi təsir göstərə bilər.
“Məişət zorakılığının qarşısının alınması haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri başa düşülür.

İnzibati Xətalar Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə- yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Məişət zorakılığına məruz qalan zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə