Sağlamlıq ocağı, yoxsa xəstəlik mənbəyi? - ARAŞDIRMA

Sağlamlıq ocağı, yoxsa xəstəlik mənbəyi? - ARAŞDIRMA

Gözəl gülüşün sahibi elə gözəl, sağlam dişin yiyəsi sayılır. Sağlam dişlər təkcə estetik cəhətdən üstünlük deyil, həm də onlar həzm sisteminin normal işləməsinə dəstək verir. Qidaların yaxşıca çeynənilməsi mədənin işini asanlaşdırır. Mütəxəssislər hesab edirlər ki, tək bir dişin itirilməsi mədə-bağırsaq xəstəliyinin yaranmasına zəmin yarada bilər. Həyatda qalmaq üçün vacib qida və içkilər qəbul edirik. Zamanla diş ağrısı ilə qarşılaşırıq, bu ağrı hərdən o qədər dözülməz olur ki, ondan təcili canımızı qurtarmağa çalışırıq. Nəticədə “32 gözəl” dən biri, ardınca digərləri bizi tərk edir. Hazırda kiminsə rahatlıqla dişinin müalicəsi üçün hansısa klinikaya, ya da diş kabinetinə getməsi də problemə çevrilib. Bunun çox səbəbi var. Pasiyentləri həkim-stomatoloqun peşəkarlığı məsələsi, həkimə inamsızlıq, ən əsas isə həkimin nə dərəcədə təmiz şəraətdə işləməsi narahat edir. Çünki bu gün fəaliyyət göstərən diş kabinetlərin çoxluğu və bəzilərində hökm sürən antigigiyena, antisanitariya, sterilizasiya problemi bu barədə ciddi düşünməyə vadar edir. Bəs, diş klinikalarında hansı xəstəliklərə yoluxa bilərik? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Tibbin bütün sahələrində, xüsusən də stomatologiyada sterilizasiya, tibbi alətlərin təmiz olması vacibdir. Həkimin xəstənin ağız nahiyəsinə ilkin müdaxiləsi - müayinəsi belə ehtiyyatla, təmiz həyata keçirilməlidir. Müasir zamanın tələblərinə görə, həkim – stomatoloqun kabinetindəki bütün avadanlıqlar xüsusi məhlulla təmizlənməli ( pasiyentin əyləşdiyi kresloya qədər), həkim müalicə zamanı hər xəstə üçün birdəfəlik tibbi vasitələrdən (əlcək, şpris, ağız yaxalamaq üçün stəkan, müayinə güzgüsü, stomatoloji aparatın ucluqları kimi) istifadə etməlidir. Bundan başqa hər stomatoloji kabinetdə avtoklav adlı xüsusi sterilizasiya aparatları qoyulmalıdır ki, burada da bir çox alətlər hər pasiyentə xidmətdən dərhal sonra 100% mikroblardan təmizlənməlidir. Təəssüf ki, bu gün lisenziya ilə fəaliyyət göstərən kabinetlərin çoxunda müasir avtoklav kimi sterilizasiya cihazları yoxdur. Həkimə bu barədə irad bildirdikdə isə, o alətlərin xüsusi dərmanla silindiyini bildirir.

Dişimizi hara və kimə etibar edək?

Dişi ağrıyan kəs tez-bazar ondan qurtulmağa çalışır. Onu bu halında həkimin kabineti, buradakı vəziyyət belə maraqlandırmır. Amma yox, bura qədər yazılanlar əbəs deyildi. Bütün hallarda diş həkiminə gedəndə, yaxınlıqdakı kabinetin vəziyyətinə nəzər salmadan keçməyin. Ən əvvəl həkimin əllərinin təmizliyi dəqiqləşdirilməlidir. Sonra stomatoloji güzgü, əlcək, şpris, iri tibbi avadanlıqların ucluqları bir dəfəlik olmalı, istifadə olunacaq müalicə və ya diş çəkilməsində lazım olan kəlbətin, skalpel, elevator diğər alətlərin təmizliyinə riayət olunmalıdır. Bu alətlər avtoklavlar, quru hava sterilizatorda təmizlənir, yeni pasiyent üçün təhlükəsiz istifadə olunur. Bahalı özəl klinikaların stomatoloji kabinetlərində belə bu barədə suallar vermək gərəkdir. Pasiyentlər çox vaxt bahalı xidmətin daha təhlükəsiz olduğunu deyirlər. Amma bu belə deyil. Bəzən oradakı tibb bacısının məsuliyyətsizliyi belə sizin hansısa xəstəliyi qapmanıza səbəb ola bilər.
Bu arada stomaloqların otağında bir nəfər kimi istifadə etməli olduğu avtoklavlar barəsində də bir az məlumat vermək daha doğru olar. Bu aparat 1879-cu ildə Şarl Şamberland tərəfindən ixtira olunub. Bu gün tibdə istifadə olunan avtoklavlar daha da təkmilləşib. Tibbi alət və vasitələrin sterilizasiyasını həyata keçirən bu aparatlar yüksək təzyiq və temperaturla işləyir. Təzyiqsiz olan aparatlar isə quru hava sterilizatoru adlanır. Avtoklavlar həcminə görə fərqlənir. Araşdırmalara görə, avtoklavlar ötən 10 ilə nisbətən bu gün daha geniş istifadə olunur. Həcmi, tutumuna görə qiymətləri də fərqlidir. 16, 18, 22 litrlik avtoklavların qiyməti 1500 -2000 manat arasında dəyişir. Birdəfəlik istifadə olunan kiçik vasitələrin qiyməti isə çox da baha deyil. Sadəcə həkim stomatoloq pasiyentinin sağlamlığını daha vacib hesab edib, qeyd olunan qaydalara əməl etməlidir. Başqa sözlə, hər şey qalır həkimin vicdanına.

Stomatoloq Tural Mehdiyev bildirib ki, adi diş çəkəndə də analiz tələb etmək lazımdır: “Sadəcə bizdə hələ buna pul ödəmək istəmirlər. Yenə də hər şey maddiyyat üzərindədir. Amma biz hər pasiyentlə işləyən zaman elə yanaşırıq ki, sterilizasiya yüksək səviyyədə olsun. Stomatoloji müayinədən öncə viruslara görə analizlərin verilməsinin stomatoloqun qiymətlərinə aidiyyəti yoxdur. Onu pasiyent ayrıca laboratoriyası olan klinikada verir”.

Dişim düzəldi, əvəzinə xəstəlik tapdım...

Tez-tez “Diş həkimləri daha çox xəstəlik yayırlar” iddası səslənir. Bu fikir əbəs yerə deyil. Həm xəstənin, həm də sağlam insanı müalicə edən həkimin işi qəlizdir. Müalicə obyekti isə ağızda yerləşdiyindən hər an həkimin natəmiz əli ilə belə istənilən xəstəliyə yoluxa bilərik. Xəstəliklər arasında xüsusən virus hepatitlərinin adı hallanır. Bu səbəbdən bir daha bu barədə xatırlatma yerinə düşər. Hepatitlər(A,B,C,D,E və az yayılan F,G) əsasən xəstənin qanı ilə sağlam insanın qanı təmasda olanda yoluxdurulur. Ümumiyyətlə, viruslar cinsi yolla, fərdi antigigiyena nəticəsində də ötürülə bilər. Viruslar qanköçürmə əməliyyatlarında daha çox yoluxdurulur. Bütün hepatitlərin hədəflədiyi orqan qaraciyərdir, “məqsəd” onu dağıtmaqdır. Elə “hepatit” də yunancadan “qaraciyər” deməkdir. Ən geniş yaylılan A, B, C viruslarıdır.

Hepatit A - xalq arasında “sarılıq” xəstəliyi kimi də tanınır. Daha çox yoluxucudur. Xəstəlik zamanı qaraciyər böyüyür. Hepatit B - bu zaman da qaraciyər toxumalarında dəyişiklik baş verir. Müalicə olunmadıqda qaraciyər genişlənməsinə qədər fəsadlar meydana gəlir. Hepatit C - bu viruslar içində ən təhlükəlisidir. Virus qaraciyər sirrozuna, qaraciyər çatışmazlığına gətirib çıxarır və ölümlə nəticələnir. Dünyada hər il 50 milyondan çox insan bu virusa yoluxur, 1,5 milyonu isə ölür. Hepatitlərin ümümi əlamətləri – iştəhasızlıq, temperaturun olması, üşütmə, oynaq-əzələ ağrısı, sidiyin rənginin tünd olmasıdır. Vaxtında düzgün müayinə və müalicə isə əsasdır.

Xəstəlik gizli qalır

Virus hepatitləri orqanizmə daxil olduqda 6 ay ərzində gizli şəkildə yaşayır. Əlamətlər görünmür. Elə vacib məsələ də budur ki, istənilən tibb ocağında, söhbəti gedən diş kabinetində yoluxma baş versə belə bunu stomatoloqa sübut etmək çətindir. Bu kifayət qədər zaman alan müayinələrdən sonra aydın olur. Bu səbəbdən hər pasiyent bu barədə əvvəlcədən tədbirli və ehtiyyatlı olmalıdır.
Dünya ölkələrində belə bir təcrübə var ki, xəstələrin tibb ocaqlarında hər hansı virusa, infeksiyaya yoluxması barədə ciddi, ardıcıl araşdırma və statistika aparılır. Azərbaycanda isə insanların müxtəlif tibbi müdaxilələr zamanı hər hansı xəstəliyə yoluxması gizli qalır. Bu səhiyyə problemləri arasında ən vacib olanıdır.

Virus ətraf mühitə qarşı davamsızdır. Tüpürcək, tər, sidiklə yoluxmur.

Qanla ötürülən infeksiyaları bütün pasiyentlərdə aşkarlamaq mümkün olmadığı üçün tibb işçiləri qarşısında bu prinsiplər qoyulur:

- Bütün pasiyentlərə potensial yoluxmuş kimi yanaşmaq, yəni fərqi yoxdur qarşında xəstə ya sağlam adamdır, eyni yanaşmaq lazımdır. Ona görə bütün pasiyentlərin qan və bioloji mayeləri ilə işləmə zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır.

-İstifadə olunmuş çirklənmiş bütün alət, ləvazimat, camaşırlar düzgün zərərsizləşdirilməli, dezinfeksiya olunmalıdır.

-Təkrar istifadə olunan alətlərin steril olunması sənədlə təsdiq olunmalıdır. Sənəddə sterilizasiya vaxtı, temperatur və buxarın təzyiqi qeyd olunmalıdır.

-Stomatoloji alət və cihazlar: cərrahi alətlər, diş daşlarını təmizləyən ucluqlar, neştərlər, cərrahi burğular, güzgülər, plomblar üçün ştopferlər, qaşıqlar, burğu maşının ucluqları termik üsulla sterilizə olunmalıdır.

-Yüksək temperatura dözməyən alətlər güclü maddələrlə zərərsizləşdirilməlidir.

-Xəstənin ağız boşluğuna daxil edilən və aspirator ilə birləşdirilən qurğular, su-hava tapançaları manipulyasiyadan sonra 30 saniyə ərzində işlək vəziyyətdə saxlanmalıdır ki, alətdə qalan bioloji material xaric olunsun.

-Stomatoloq və həkimin özünün sağlam olması şərtdir. Onlar vaxtaşırı Hepatit, İİV, vərəm müayinələrindən keçib, işlədiyi yerdə müvafiq sağlamlıq haqda sənədləri saxlamalıdır. Pasiyent həkimin sağlam olmadını dəqiqləşdirmək üçün bu informasiyanı tələb edə bilər.

İİV virusu qapalı otaqda, iynədə, qanda, cihazda bir neçə sutka yaşaya bilir. 56 dərəcə temperaturda yalnız 30-35 dəqiqədən sonra ölür.

İdeal təmizlik odur ki, müalicə aparılan otaq hər pasiyentdən sonra təmizlənib, sanitar işlənsin. Xəstənin uzandığı kreslo dezinfeksiya olunmalıdır.

Ağız suyu tüpürülən qab təmiz olmalıdır. Ordan vərəm çöpləri keçə bilər. Həkimin əlcəyi, maskası, önlüyü birdəfəlik olmalı, hər pasiyentdən sonra təzələnməlidir.

Hazırda Avropa ölkələri və Rusiyada ekpress testlərdən istifadə olunur. Həkim pasiyentin xəstə olmasından şübhələndikdə OraQuick HCZV adlı testlə xəstənin ağız, damaq suyundan istifadə etməklə onda Hepatit və ya İİV olmasını dəqiqləşdirə bilər. Lakin bu test bir qədər bahalıdır: 25-35 manat arası dəyişir və hər klinikada yoxdur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə