Məktəblərdə şagird-müəllim özbaşınalığı: NƏ EDİLMƏLİDİR? - SORĞU

Məktəblərdə şagird-müəllim özbaşınalığı: NƏ EDİLMƏLİDİR? - SORĞU

Son dövrlərdə məktəblərdə şagirdlərin bir-biri ilə, müəllimlərin şagirdlərlə xoş olmayan davranışlarına tez-tez rast gəlirik. Məktəblərdə, bağçalarda baş verən bu hallar cəmiyyətdə haqlı narazılığa səbəb olur. Haqlı və haqsız narazılıqların qarşısını almaq üçün çıxış yolu kimi müxtəlif təkliflər səsləndirilir ki, bunlardan biri də bütün təhsil ocaqlarında müşahidə kameralarının quraşdırılmasıdır. Yəni, istər rəhbərlik, istərsə də, valideynlər istənilən an bu kameralar vasitəsilə şagirdlərin nə etdiyini, müəllimin onunla necə davrandığının gedişatını izləyə bilsinlər. Bəs kameraların quraşdırılması nə dərəcədə effektiv üsul sayıla bilər. SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, müşahidə kameralarının quraşdırılması təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsində ciddi rol oynaya bilər: “Çox təəssüf ki, bəzi hallarda məktəb direktorları özü məktəbdə bu tipli kameraların quraşdırılmasına maraqlı olmurlar. Ona görə ki, onların rəhbərlik etdiyi təhsil ocaqlarında kameralar vasitəsilə tədrisin nə qədər aşağı olduğu izlənilə bilər. Bir sıra direktorlar, məhz buna görə istəmirlər, yaxud da kameranın yaddaşını qısahəcmli qoyurlar. Bəzən onu özləri xarab edirlər ki, müşahidə olunma imkanları məhdudlaşsın. Valideynlər kənardan onlayn şəkildə bunu izləsələr, müəllimin, uşaqların rəftarını görə bilərlər. Biz orta ümumtəhsil məktəblərinin tam şəkildə kameralaşmasını təmin etməliyik. Şagirdlərin təhlükəsizliyi bu yolla həll oluna bilər. Çünki son vaxtlarda məktəblərdə ciddi hadisələr baş verir. Şagirdlərin xəsarət alması ilə nəticələnir. Bu tipli problemlərin aradan qalxması üçün həm orta məktəblərdə, həm də ali məktəblərdə bu olmalıdır”.

Elm vəTəhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paytaxt və bölgələrdəki təhsil ocaqlarının təhlükəsizlik kameraları ilə təmin olunması barədə bildirib: “Bütün məktəblərdə bunu hələ ki, aparmaq mümkün deyil. Amma bu proseslə bağlı işlər gedir. Və planlı şəkildə məktəblərin müşahidə kameraları ilə təmin olunması əsaslı şəkildə icra olunur. Amma bütün məktəblərdə bir ay, bir il içində bunu etmək mümkün deyil. Bu, lazım da deyil. Bölgələrdə kameralar rayon mərkəzlərində olan məktəblərdə var, amma kənd yerlərində olan məktəblərdə tələb görülmür. Çünki orada əhali sıx yaşamır. Gələcəkdə ola bilsin ki, təmin olunsun”. Hər halda təhsil ocaqlarının kameralarla tam təmin olunması nə qədər tez aparılarsa, bir o qədər valideynlərin narahatlığına son qoyular, məktəb və bağçalarda təhsil nizam-intizamla bağlı problemlər azalmış olar.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə