"İlham Əliyev mənim iki qız balama yeni il hədiyyəsi göndərdi" - AQŞİN BƏBİROVUN ANASI
Dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Proses zamanı Ermənistan tərəfindən isə Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib. SİA mövzu ilə bağlı Aqşin Bəbirovun anası Dürdanə Bəbirovanın təəssüratlarını öyrənib.
Dürdanə Bəbirova: "Allahıma şükürlər olsun. Allah qeybindən möcüzə yaratdı. Allah balalarımızı biz analara bağışladı, dualarımızı eşitdi. Prezidentimizə təşəkkür edirəm. İlham Əliyev mənim iki qız balama yeni il hədiyyəsi göndərdi. Bu hədiyyə heç nə ilə əvəz oluna bilməz. Prezidentimiz biz analara elə bir sürpriz etdi ki, bizi dünyaya yenidən gətirdi. Elə bil balalarımız dünyaya yenidən gəldi.
Ali Baş Komandan bizə bu sevinci yaşatdı. Ona sonsuz minnətdaram. Qarşısında baş əyir, əlindən-ayağından öpürəm. Göydə Allah, yerdə Prezidentimiz. Onlar bizim səsimizi-fəryadımızı eşitdi. İlham Əliyevlə qürur duyuruq. Onunla hər zaman fəxr etmişik. Ona qurban olum mən. Dəmir yumruğunun gücünü bir daha göstərdi. Bir ana kimi Prezidentimizə canım qurban olsun".
Qeyd edək ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB